Ermənistanda növbəti qarşıdurma

İcevanda polislərə daş, ağac və metal alətlərlə zərbələr endirilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın polis rəisi Valeri Osipyan bir gün əvvəl çıxan qarşıdurmanın detallarını İcevandakı brifinqdə təqdim edərkən deyib.

Onun sözlərinə görə, dünən müxtəlif vaxtlarda bir qrup vətəndaş İcevan şəhərində dəfələrlə yolu bağlayıb, polisin izahatverici işi nəticəsində hərəkət bərpa edilsə də, axşam saatlarında vəziyyət tamamilə dəyişib.

"Axşam saatlarında vətəndaşların sayı 500-600 nəfərə qədər artıb. Onlar polisin qanuni tələblərinə riayət etməyiblər və İrəvan-İcevan-Noyemberyan avtomobil yolunu açmaqdan təkidlə imtina ediblər. Qanuna əsaslarla xəbərdarlıq etdikdən sonra vətəndaşları yolun bloklu hissəsini açmağa məcbur etmək üçün təlimat mənim tərəfimdən verilib. Ancaq vətəndaşlar tərəfindən polisə müqavimət göstərildi. Vətəndaşlar ağaclar, metal əşyalar və daşlarla polislərə xəsarət yetirməyə başladılar. Nəticədə 12 polis məmuru müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi. Mən İcevana əlavə qüvvələr göndərmək və ora getmək qərarına gəldim. Orada məni 30 nəfər vətəndaş qarşıladı və mən yarım saat onlarla danışıqlar apardım. Mən onlara qanunsuz əməllərinin nə ilə nəticələnəcəyi barədə məlumat verdim”, - deyə polis rəisi Valeri Osipyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə