"Milli Mətbuatımız böyük inkişaf yolu keçib" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Milli Mətbuatı böyük inkişaf yolu keçib. Xüsusilə də Azərbaycan müstəqilliyini yenidən elan edəndən sonra müstəqil medianın formalaşması istiqamətində silsilə addımlar atılıb və medianın qanunvericilik bazası formalaşdırılıb. Həmçinin müstəqil media resurslarının texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülüb". Bunu SİA-ya "Kaspi"qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, bütün bu görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanda formalaşmış müstəqil, dövlətçi media institutu mövcuddur: "Bu illər ərzində jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Onlar artıq uğurlu nəticələrini verməkdədir. Azərbaycanın müstəqil mediasının formalaşmasında dövlətin dəstəyini də xüsusi vurğulamaq lazımdır.

Bildiyiniz kimi Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişafı ilə bağlı Dövlət Konsepsiyası qəbul edilib. O Konsepsiya əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb və fəaliyyətə başlayıb. Artıq 10 ilə yaxındır ki, Fond fəaliyyətdədir. Xüsusilə də yazılı medianın ayaqda qalmasında, özünü qoruyub saxlamasında Fond müstəsna rol oynayır. Bu Fond vasitəsilə jurnalistlər arasında fərdi journalist yazıları müsabiqəsi keçirilir. Jurnalistlər ildə minimum üç dəfə Fond tərəfindən maddi dəstək alırlar. Bundan əlavə KİVDF vasitəsilə Azərbaycan mediasının dövlət strukturları ilə əlaqələrinin yaradılması istiqamətində işlər görülür və müxtəlif tədbirlər keçirilir. Bir növ media ilə dövlət strukturları arasında körpü yaradılır.

Həmçinin Azərbaycan dövləti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı addımlar atır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla dövlət vəsaiti hesabına artıq iki bina inşa olunub jurnalistlərin istifadəsinə verilib. Xeyli sayda jurnalistin mənzillə təminatı həyata keçirilib. Hazırda üçüncü binanın da tikintisi sürətlə davam etdirilir. 2020-ci ilin iyul ayında da yeni bina inşa olunaraq jurnalistlərin ixtiyarına veriləcək. Bütün bunlar Azərbaycanda medianın inkişafda olduğunu göstərir. Azərbaycan mediasının özünütənzimləmə mexanizmi mövcuddur. Azərbaycan Mətbuat Şurası vasitəsilə jurnalistlər öz rəhbərlərini seçirlər. Eləcə də jurnalistika sahəsindəki bütün məsələləri özləri müzakirə edərək qərarlar qəbul edirlər. Düzü, Mətbuat Şurasının qəbul etdiyi qərarlar ictimai qınaq xarakteri daşıyır amma bu da sirr deyil ki, son illərdə Mətbuat Şurası xeyli nüfuz qazanıb. Media müstəvisində meydana çıxan problemlər, cari olaraq rastlaşdığımız məsələlər Mətbuat Şurası müstəvisində müzakirə olunur və qərarlar qəbul edilir. Amma bütün bunlar Azərbaycan mediasının problemlərinin həll olunması demək deyil. Təbii ki, bizim problemlərimiz də mövcuddur. Xüsusən jurnalistlərin sosial durumu ilə bağlı vəziyyət bizim istədiyimiz səviyyədə deyil. Eləcə də peşəkarlıqla bağlı müəyyən nüanslar var ki, qarşıdakı dövrdə onlar aradan qaldırılmalıdır. Biz uzun illərdir ki, "Reket jurnalistikası" məsələsini müzakirə edirik. Bu Azərbaycanı mediasını hörmətdən salır. Qarşıdakı illərdə bu problemin aradan qaldırılması ilə bağlı ciddi addımlar atılmalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə