"Paşinyan Qriqor Ayvazyanı Serj Sərkisyan məcrasında aktivləşdirdi" ÖZƏL-ŞƏRH

"Ermənistanda Azərbaycandan qaçqın düşənlərin cəmiyyəti var. S.Sərkisyanın dövründə yaradılmış bu təşkilatın əsas məqsədi Azərbaycandan qovulduqlarını yada salmaqdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu təşkilatın rəhbəri Q.Ayvazyanın cəmi bir dəfə mövqeyində əvvəlki vəziyyətə qayıdış hiss olunub: "Digər bütün açıqlamalarında azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü siyasətinə xidmət edib; Əgər Azərbaycan bu qədər pisdirsə Q.Ayvazyan və Azərbaycandan köçürülmüş digər erməni qaçqınlar sevinməlidirlər ki, təhlükəsizlikdədirlər, firavan yaşayışları var. Yox əgər vəziyyətləri Bakıda olarkən yaxşı idisə, o zaman onların Azərbaycana qayıtmağı tələb etmək hüquqları var və nəzərə alınmalıdır ki, “Yenilənmiş Madrid Prinsipləri”nin VI maddəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ilkin yaşayış məskənlərini tərk edənlərin öz əvvəlki məskənlərinə qayıtmaq hüququ tanınıb.

Qriqor Ayvazyan üzün müddət idi yaddan çıxmışdı. Çünki S.Sərkisyan hakimiyyəti devrilib və N.Paşinyan hökuməti isə hələki Dağlıq Qarabağ tənzimlənməsində imitasiyanın incəliklərini sonadək mənimsəməyib.

Görünür, ATƏT MQ həmsədrləri son danışıqlarda məcburi köçkünlər və qaçqınlar vəziyyətini aktuallaşdırıb; Hara mümkündürsə qaçqın və məcburi köçkünlərin qaytarılması məsələsi razılaşdırılır. Tutaq ki, Kəlbəcərdə Ermənistanın cəmi bircə yüngülcə hərbi hissəsi var, Laçında ümumiyyətlə demək olar ki, ciddi hərbi strukturlar yoxdur. Laçına və Kəlbəcərə azərbaycanlı məcburi köçkünlər qayıda bilər və onların orada təhlükəsizliyini təmin etmək də çox asanlıqla mümkündür. Eləcə də ermənilərin də hissə-hissə Azərbaycanın müxtəlif ərazilərinə qayıtması mümkündür.

Bu hal tənzimlənmənin praktiki başlanğıcı olduğu üçün N.Paşinyan Qriqor Ayvazyanı aktivləşdirdi. Maraqlısı da burasıdır ki, Bakıdan köçən ermənilər içərisində görünür, ən kütü olduğu üçün S.Sərkisyan o zaman bu adamı vəzifəyə təyin etdi. Çünki təxminən 10 ildir tutuquşu kimi eyni fikirləri təkrarlayır. Fikirlərinin üstündə işləmək, yeniləşdirmək də istəmir. N.Paşinyanın indiki dövrdə Q.Ayvazyanı aktivləşdirməsi və ya S.Sərkisyanın kartından istifadə etməsi onun həm S.Sərkisyandan məsləhət aldığını göstərir, həm də eyni zamanda hansı mövzunun aktual olduğunu ortalığa qoyur.

Qaçqın məsələsində Ermənistan üçün ən yaxşı mövqe həqiqəti deməkdir. Həqiqət odur ki, Qriqor Ayvazyan və onun mənsub olduğu qrupun böyük əksəriyyəti Azərbaycanın ərazisində malını, mülkünü rahatlıqla satıb Ermənistana getməsindən əvvəl 1987-ci ilin dekabrın 24-də sonuncu azərbaycanlı dəstəsi Ermənistan SSR-nin ərazisindən deportasiya olundu. Bu azərbaycanlılar Ermənistan SSR-nin vətəndaşları idi və bu günün özündə də onların sosial-iqtisadi problemlərinin həlli Azərbaycan dövlətinin üstündədir və siyasi problemlərdən başqa demək olar ki, bütün problemləri həll olunub. BMT bu məsələdən ötrü ən azı 3 dəfə Azərbaycana minnətdarlıq bildirib.

Azərbaycandakı ermənilər rəsmi Yerevanın hələ sovet dövründə əlində alət idilər. Azərbaycan dövlətçiliyinə qarşı separatçılığı qızışdırdılar və nəticədə də özləri əziyyət çəkdilər. Qəribədir ki, indi də Q.Ayvazyan rəsmi Yerevanın Azərbaycanda yaşamış ermənilərə qarşı “sadomozaxist” siyasətinin davamçısı olmaqdan ləzzət alır. Qriqor Ayvazyanın ağıllanması qəliz məsələdir. Çox güman ki, N.Paşinyan onu vərdiş verdiyi yola qoya bildi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə