"Mnatksanyanın çıxışı Azərbaycanı günahlandırmaq mövzusunda olacaq" ÖZƏL-MÜNASİBƏT

"Dini azadlığa ABŞ-ın xüsusi önəm verməsinin tarixi kökləri var. ABŞ konstitusiyasına görə Konqres dinin azadlıqları məhdudlaşdıracaq hər hansı bir qanun və ya qərar verə bilməz". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu gün ABŞ-da davam edən konfransın ilk iclası keçən il iyul ayına təsadüf etmişdi: "Bu tədbirin davamlı olacağı elə həmin il qəbul olunana qərarlardan görünürdü. İlk konfransda bir neçə ölkə dini azadlıqlara hörmət qoymayan ölkələr siyahısına daxil edilmişdi. Konfransın davam edəcəyi 3 gün müddətində 40 qədər ölkəinin XİN başçılarının iştirakı nəzərdə tutulub. Tədbirdə həm də rəsmi şəxslər, tanınmış insanlar, din xadimləri, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər. Bu konfransın təşkilinin əsas mahiyyəti isə insan azadlıqlarının təmin olunması planının tərkib hissəsidir. Dini azadlıqların məhdudlaşdırıldığı ölkələr siyahısına daxil edilmiş dövlətlərdə demokratiya və ümumilkdə insan haqqları ilə bağlı vəziyyət ürəkaçan deyil. İran və Səudiyyə Ərəbistanının adlarının bu siyahıda olması deyilənlərə əyani sübutdur. Bir sözlə dini azadlıqların təmin olunmasının qarantiyası demokratik cəmiyyətlərin qurulmasından keçir.

Ermənistan XİN başçısı Zöhrab Mnatksanyanın konfransda çıxışı dini azadlıqların təmin olunması ilə deyil, daha çox bu yöndə Azərbaycanı günahlandırmaq mövzusunda olacaq. Böyük ehtimalla ermənilər "Keşikçidağ" insidentindən yararlanmağa çalışacaqlar. Azərbaycan isə xristian mədəniyyətimizə aid olan tikililər və məbədlər barədə xüsusi qanun qəbul etməlidir. Bu tarixi abidələr qorunub saxlanması ilə yanaşı onların bir çoxunun fəaliyətinin yenidən bərpa olunmasını təmin etməlidir. Hazırda işğal olunmuş ərazilərimizdə olan dini tikililərimiz bütünlüklə ermənilərin nəzarəti altındadır. Heç olmasa digər Alban kilsələrinə sahib çıxaq ki, gələcəkdə kimlərinsə bu mədəniyyətimizə sahib çıxmasına şans verməyək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə