"Azərbaycanın məsələyə təmkinlə yanaşması xeyrimizədir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə “Keşikçidağ mübahisəsi” ilə bağlı üçüncü qüvvələr var ki, onlar Azərbaycan-Gürcüstan arasındakı münasibətləri pisləşdirmək istəyirlər. Onlar hətta elə hərəkət ediblər ki, digər qüvvələr də bundan istifadə edərək prosesləri daha da qızışdırmağa cəhd ediblər". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

"Hesab edirəm ki, Azərbaycan tərəfi düzgün olaraq bu məsələyə təmkinlə yanaşdı. Yadımdadır ki, hələ 1988-ci ildə “Topxana”da bir ağacın kəsilməsi ilə meydanı qızışdırdılar və aləm bir-birin dəydi. Beləcə “Topxana”nı görməyən insanlar da qıcıqlanaraq ortaya düşdülər. İndi də onlar incə hislərlə oynayırlar ki, Azərbaycan əsgərinin əlindən silahını alıblar. Birincisi, Azərbaycan əsgəri o qədər imkansızdır ki, hansısa bir gürcünün başdanxarab alkaşı gəlib onun silahını alsın. Əgər bizim əsgərlərdən biri onlara güllə atsaydı və yaxud hansısa bir xəsarət yetirsəyi onda o iyrənc qüvvələr ortaya çıxacaqdı. Azərbaycan əsgəri intizamlı əsgər olaraq birbaşa Komandana tabedir. Azərbaycan tərəfinin bu məsələlərə təmkinlə yanaşması ölkəmizin xeyrinədir. Burada Rusiyanın, eləcə də başqa üçüncü qüvvənin rolu da ola bilər. Məhz Azərbaycanın təmkinli addımı bu münasibətlərin korlanmasına imkan vermədi"-deyə, M.Zülfüqarlı fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə