"Rəsmi Bakının dünyanın böyük güc mərkəzləri ilə normal münasibətləri var" ÖZƏL-ŞƏRH

"Rusiya Federasiyasının hərbi rəhbərliyi ilə ilə NATO arasında sayca beşinci görüş üçün yenidən Bakının seçilməsi təsadüfi deyil və kifayət qədər ciddi səbəblərə söykənir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən başlayaraq Rusiya və NATO arasında görüşlər Bakıda təşkil olunur: "Hər iki tərəf fərqli hərbi qütblərin təmsilçiləridir və bu görüşlər hər zaman dünyanın müxtəlif siyasi və hərbi dairələrində xüsusi maraq kəsb etmişdir. Həm Rusiya ilə Avropa, həm də Amerika Birləşmiş Ştatları arasında ciddi nüfuz savaşının hərbi müstəvidə müzakirəsinin təbii ki, bu cür maraq kəsb etməsi başadüşüləndir. Vaxtilə Rusiya hərbi rəhbərliyinə qarşı sanksiyaların nəticəsi olaraq seçilmiş neytral məkan kimi Bakının proseslərə, konkret gedən danışıqlara aidiyyatı olmasa da, hər halda paytaxtımızın seçimi də təsadüfi deyil.

Burada həm Prezident İlham Əliyevin yürütdüyü balanslı siyasət, ölkə başçımızın şəxsi nüfuzu, həm Rusiya rəhbərliyi ilə və həm də NATO-ya üzv dövlətlərin siyasi rəhbərliyi ilə şəxsi münasibətləri görüş üçün Bakının seçilməsində ciddi faktordur. Həm də Bakının ən müxtəlif mövzularda gedən dialoqlara uğurla ev sahibliyi etməsini xüsusi qeyd etmək lazımdır.

Rəsmi Bakının dünyanın böyük güc mərkəzləri, siyasi dairələri ilə nümunəvi münasibətləri mövcuddur. Və hərbi münaqişələr zamanı Azərbaycanın ədalətli mövqe sərgiləməsi ölkə başçımızın dünyada nüfuzlu siyasi lider, dövlətimizin etibarlı tərəfdaş obrazını təsdiqləmişdir. Hərbi konfliktlərin əsasında həm iqtisadi, həm siyasi maraqların toqquşması dayanır ki, Azərbaycanın malik olduğu enerji resursları Avropa və dünya məkanında həm də iqtisadi, həm siyasi baxımdan, eyni zamanda bu resurslar dövlətimizi regionda sülhün və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli ölkə olaraq şərtləndirir, Azərbaycan həm Avropa üçün nəhəng enerji tərəfdaşı, həm də Şərqlə Qərb arasında bütün parametrləri ilə körpü rolunu oynayır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə