"Ulu Öndərin qəbul etdiyi qərarlar təhsil islahatlarına öz töhfəsini verir" RƏY-ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Təhsil sahəsinin xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahə olduğunu deyən deputat söyləyib ki, təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Onun sözlərinə görə, Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.

P. Kərimzadə vurğulayıb ki, Ulu Öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib: "Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, "təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Ulu Öndərin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərinin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülüb. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilib.1970-1982-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılıb, yüzlərlə yeni ixtisaslar açılıb, kafedralar, problem laboratoriyaları fəaliyyətə başlayıb. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə yüksəlib.

Deputat qeyd edib ki, Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilib: "Ulu Öndər Heydər Əliyev respublikanın ehtiyacı olan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsili də daim önə çəkib. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlib, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayıb"

Deputat əlavə edib ki, təməli Ümummilli lider tərəfindən qoyulan təhsil siyasəti bu gün etibarlı zəmin üzərində inkişaf etdirilir: "Prezident İlham Əliyevin böyük səyləri sayəsində elm və təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Qəbul olunmuş "Təhsil haqqında" Qanun və ona uyğun aparılan islahatlar, bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...