"Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqil Azərbaycan dövləti də olmayacaqdı" - MÖVQE

“14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi tarixi hadisədir. Xalqımız bu tarixi hadisənin 50 illik yubeliyini qeyd edir”. SİA-nın verdiyi məlumata görə, bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün parlamentin növbədənkənar sessiyasının son iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımız üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, üçrəngli bayrağımız Xalq Cümhuriyyətinin süqutu nəticəsində ensə də, XX-ci əsrin sonlarında Ulu Öndər Heydər Əliyev onu yenidən əbədi olaraq zirvələrə yüksəltdi . Bu gün dövlət bayrağımız bütün beynəlxalq təşkilatlarda dalğalanır. Millət vəkii qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqil Azərbaycan dövləti də olmayacaqdı.

Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. YAP İcra katibinin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə