YAP Gənclər Birliyinin sədri Lerikdə yay məktəbinin iştirakçıları ilə görüşüb

Lerikdə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsi uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, "Yay məktəbi"nin növbəti günü YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov gənclərlə görüşüb.

S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə gənclərin fəallığı yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər.Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.

“YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayan yay məktəblərini xüsusi qeyd etmək olar. Bu layihənin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Sonra S.Orucov gənclərin suallarını cavablandırıb.

Daha sonra mili rəqslərin təbliği mövzusunda təlim keçirilib. Eyni zamanda, yay məktəbinin iştirakçıları arasında interaktiv oyunlar, idman yarışları və şou-proqram təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə