50 İL- Milli tariximizin dönüş anı

1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü

Tarix ən ədalətli hakimdir- deyirlər. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Və belə şəxsiyyətin siyasət meydanına çıxması isə böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. Məhz 1969-cu il iyulun 14-ü ən yeni tariximizin belə şərəfli, müqəddəs səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyevin timsalında bu fikri də böyük əminliklə qeyd edirik ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyətindən bəhs etmək üçün bütöv bir xalqın, dövlətin tarixini vərəqləmək gərəkdir. Ulu Öndər Heydər Əliyev məhz belə xoşbəxt şəxsiyyətlərdən idi. Bu gün təntənə ilə qeyd etdiyimiz 50 illik yol tarix yaradan şəxsiyyət kimi nüfuz qazanan Ümummilli Liderin xidmətlərinin, Vətəninə, xalqına sevgisinin aydın mənzərəsini formalaşdırır.

Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir.

O öz vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.

Xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi

Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əlirza oğlu Əliyev birinci katib seçildi. Həmin plenumdakı çıxışında o, özünün fəaliyyət platformasını çox konkret şəkildə ifadə etdi: "Mənə təzəcə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum... Mənə elə gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət ola bilər".

1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu.

Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Moskvaya getməzdən əvvəl, 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın büro iclasında Ulu Ööndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdi: "Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb".

Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi.

Təməli Naxçıvanda qoyulan dövlətçilik siyasətinin başlanğıcı

1982-87-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan görkəmli dövlət xadimi Azərbaycanı bir an da unutmamış, bütün imkanlarını, gücünü və bacarığını respublikamızın tərəqqisinə yönəltmişdi. Aydın, yetkin siyasi mövqeyə, böyük vətəndaş qeyrətinə malik Heydər Əliyev Bakıda da, Moskvada da zaman-zaman Azərbaycanın əleyhdarlarının təzyiqləri ilə üzləşmiş, lakin heç bir qüvvə Onu haqq yolundan, xalqa və yurda fədakar xidmət amalından döndərə bilməmişdi. 1987-ci ildə tutduğu yüksək vəzifədən istefa verəndə də Heydər Əliyev öz siyasi iradəsinin, mövqeyinin dəyişmədiyini bir daha nümayiş etdirdi. 1990-cı ilin yanvarında sovet qoşun hissələrini Bakıya yeridib dinc əhaliyə qanlı divan tutan imperiya rəhbərliyinə də ilk kəskin etiraz səsini məhz Ulu Öndər Heydər Əliyev ucaltdı. 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gələn qeyrətli Vətən oğlu əhali tərəfindən böyük məhəbbətlə qarşılandı. Həmin vaxt Naxçıvan son dərəcə acınacaqlı bir şəraitdə yaşayırdı. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə

Naxçıvan və Azərbaycan parlamentlərinə mandat qazanan Ulu Öndər xalqın təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də muxtar respublikada ali vəzifəyə dəvət olundu. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qeyd etdiyi kimi, "Ümumi Azərbaycan evimizin divarından hər gün bir kərpic düşdüyü vaxt Naxçıvan Muxtar Respublikasının əhalisi çox böyük uzaqgörənlik nümunəsi göstərərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçdi".

Fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev ölkəmizin ən nüfuzlu, qüdrətli, mütəşəkkil, kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaratdı, qısa müddətdə bu partiya xalqın maraqlarının əsl ifadəçisi və müdafiəçisinə çevrildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etsə də çox keçməmiş ağır problemlər burulğanına yuvarlanırdı.

Azərbaycanı bəlalardan qurtaran ikinci böyük qayıdış

O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səbatsızlığı, ağılsız addımları ağır nəticələrə gətirib çıxarmışdı. Ölkə daxilində iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik, öbaşıpozuqluq meyilləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görülməmişdi. Cənubda qondarma "Talış-Muğan Respublikası", Şimalda "Sadval"çıların "Ləzgistan" xülyaları, Qarabağda erməni işğalı, Gəncəbasarda Surət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların əməlləri ölkənin ərazi bütövlüyünə, suverenliyinə ciddi təhlükə yaratmışdı. Belə bir vaxtda xalq yeganə düzgün, ağıllı yolu seçdi - dünya şöhrətli siyasi xadim, müdrik dövlət adamı Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 9-da xalqın tələbi ilə Heydər Əliyev gərgin situasiyada yaşayan Bakıya gəldi. On minlərlə vətəndaş Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi. Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçildi. 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində (1993-2003-cü illər) neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq" - deyən Ümummilli Lider bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər gördü, sinəsini sipər edib Vətəni və xalqı bəlalardan qorudu, xilas etdi. Dahi rəhbərin müdrik siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, Qarabağ münaqişəsinin ədalətli həlli, haqq işimizin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər gerçəkləşdi. Xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan kontraktın imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində görülən nəhəng işlər, ölkəmizin beynəlxalq təşkilatlarda layiqincə təmsil olunması, onun mənafelərinin əzmlə qorunması, müstəqil Azərbaycanın hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyasının qəbulu, mənəvi dəyərlərin müdafiəsi, mədəni dirçəlişə böyük qayğı, iqtisadiyyatın əsaslı şəkildə yenidən qurulması, bazar münasibətlərinin tənzimlənməsi, aqrar islahatın müvəffəqiyyətlə aparılması, ümumi daxili məhsulun ciddi artımı, dünya azərbaycanlılarının həmrəyliyinin formalaşdırılması, xaricdə yaşayan soydaşlarla sıx əlaqələrin təşəkkülü, minlərlə yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının əsaslı şəkildə yaxşılaşdırılması, bir sözlə, müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi Heydər Əliyevin qlobal fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə məsuliyyətli və şərəfli bir missiyanı yüksək səviyyədə yerinə yetirdi.

Müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda söz sahibi olan, iqtisadi qüdrətinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxan ölkədir. Bu, 1969-cu ildən başlanan Azərbaycanı Azərbaycana qaytarmaq yolunun real bəhrəsidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...