"Yay məktəbi"ndə Bakı şəhəri ilə yanaşı bölgələrin də gəncləri iştirak edir" ÖZƏL-MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır: "Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır.

Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.

YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayan "Yay məktəb"lərini xüsusi qeyd etmək olar. Bu layihənin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Artıq layihə başlayıb və yay məktəbləri Oğuz və Lerik rayonlarında təşkil olunub. Layihədə Bakı şəhəri ilə yanaşı bölgələrin də gəncləri iştirak edirlər. Layihədə iştirak edən gəncləri YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov qəbul edib, öz tövsiyyələrini verib. Qeyd edim ki, layihə mərhələlərlə davam edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə