Gənclər "Yay məktəbi"nin təşkilindən razı qalıblar REPORTAJ -FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində olan Oğuz rayonundakı “Afra” Hotel istirahət mərkəzində təşkil olunub. Tur iştirakçıları səfərlə bağlı təəssüratlarını SİA ilə bölüşüblər:

YAP Gənclər Birliyinin Gəncə şəhər təşkilatının fəal üzvü Əli Məmmədli: “Sözün həqiqi mənasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi mənim üçün çox şeyi dəyişdi və həyatımda çox böyük rol oynadı. Burada özümə yeni-yeni dostlar tapdım və yeniləri ilə də tanış oldum. Əl çatmaz dediyimiz bəzi insanları burada görmək həqiqətən də mənim üçün çox xoş oldu. Hər birinizə bu həyatda uğurlar arzu edirəm. Bizdən sonra "Yay məktəbi" layihəsinə qoşulacaq digər qrupa da sözüm odur ki, bu günlərin qədrini bilsinlər”.

YAP Gənclər Birliyinin Sumqayıt şəhər təşkilatının fəal üzvü Niact Hüseynov: “Biz birinci Oğuz turunun iştirakçıları olaraq çox xoşbəxtik ki, xeyli sayda dostlar qazandıq. Mən burada öz biliklərimi bir daha təkmilləşdirmiş oldum. Çünki ilk yardımçı olaraq insanlara xidmət etmək həm öz işinin təkmilləşdirilməsidir, həm də insanlara yaxşılıq etmək kimi bir şeydir. Burada müxtəlif layihələr, oyunlar oldu. Bu əvvəla "Yay məktəbi"nin yaxşı, maraqlı keçməsinə təkamül verdi, həm də insanların, iştirakçıların bir-birinə daha yaxın münasibət qurmağına kömək etdi. Mən buna görə YAP-ın Sədri cənab Prezident İlham Əliyev başda olmaqla YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova və YAP Gənclər Birliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

YAP Gənclər Birliyinin Nərimanov rayon təşkilatının fəal üzvü Aysel Tahirova: “Çox sevinirik ki, biz bu "Yay məktəbi"ndə yeni dostlar qazandıq. Hər şey çox gözəl təşkil olunmuşdu. Başda YAP-ın Sədri cənab Prezident İlham Əliyev olmaqla YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova dərin təşəkkürümüzü bildiririk ki, bizim üçün belə gözəl şərait yaradıblar”.

YAP Gənclər Birliyinin Şəki şəhər təşkilatının sədri Ziyad Əliəkbərli: “Mən "Yay məktəbi" layihəsində iştirak etdiyim üçün çox sevinirəm. Həqiqətən də fəxr edirəm ki, mən YAP-ın üzvüyəm. YAP gənclərimiz üçün çox gözəl şərait yaradıb. Biz həqiqətən burada çox əyləndik, özümə yeni dostlar qazandım və yeni insanlarla tanış oldum. İnşallah gələcəkdə bu cür tədbirlərdə yenə də iştirak etmək istərdim. Hər şey üçün çox sağolun. Mən YAP-ın Şəki şəhər təşkilatının Gənclər Birliyinin sədri oduğum üçün də ayrıca fəxr edirəm”.

YAP Gənclər Birliyinin Sumqayıt şəhər təşkilatının fəal üzvü İlahə Əliyeva: “Biz bu gün bir qrup fəal gənc olaraq Oğuz rayonuna təşkil olunmuş "Yay məktəbi" layihəsinin birinci turunda olduq. İlk dəfə idi ki, mən "Yay məktəbi"ndə iştirak edirdim. Çox maraqlı keçdi. Bu cür turlar YAP-ın hər bir gənc üzvü üçün böyük məktəbdir. Hər bir gənc bu cür turlar sayəsində maariflənir. Burada müxtəlif təlimlər keçirildi və yetərincə təcrübə topladıq. Düşünürəm ki, bütün gənclərimiz bu təlimlərdən özlərinə yetərincə biliklər topladı. Gələcəkdə gənclərimizin daha da fəal olması üçün burada keçirilən təlimlərin rolu böyük olacaq. Bugünkü turda əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, təlimdə rəhbərin də rolu böyükdür. Bizə rəhbər kimi təyin edilmiş Fərid Nəsibov gənclərimizə özünün bütün diqqət və qayğısını göstərdi. Ümid edirəm ki, bizdən əlavə digər gənclərimiz də bu cür turlardan maariflənəcək”.

YAP Gənclər Birliyinin Gəncə şəhər təşkilatının sədri Kamran Abbasov: “Bu "Yay məktəbi" layihəsində biz müxtəlif xüsusilə sosial media ilə bağlı təlimlər keçdik. Çünki bizim işimiz daha çox sosial media və gənclərin idarə olunması ilə bağlıdır. Biz bu yöndə müxtəlif təlimlər, yarışlar və intellektual oyunlar keçdik. Təbii ki, mən burada özümə yeni dostlar qazandım. Əminəm ki, bundan sonra da burada qazandığımız dostlarla sıx əlaqədə olacayıq və birlikdə yeni layihələr, işlər görməyə çalışacayıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə