Bakıda növbəti tarixi görüş - TƏHLİL

Azərbaycan generalların görüş və danışıqlar apardığı ən münasib, neytral və əlverişli yeganə məkandır

Artıq Azərbaycan tarixi beynəlxalq görüşlərin məkanına çevrilib. Belə görüşlərdən biri də iyulun 11-də NATO generallarının - Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Uolters arasında keçirilən görüşdür.

İlk öncə, Azərbaycanın dövlət başçısı İlham Əliyev ordu generalı Valeri Gerasimovu qəbul edib. Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların, mütəmadi olaraq, Bakıda aparılmasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq getdikcə genişlənməkdədir.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu görüşün "Niyə məhz Bakı?" sualı həm ekspert dairələrində, həm də Rusiya və ABŞ mediasında tez-tez səslənir. Bunun da cavabı bəllidir. Çünki Azərbaycan rusiyalı və amerikalı generalların görüşərək, normal şəraitdə danışıqlar apardığı ən münasib, neytral və əlverişli yeganə məkandır.

Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin ABŞ və Rusiya ilə əlaqələrini keyfiyyətcə yeni, indiyədək misli görünməmiş səviyyəyə qaldırmaqla yanaşı, dünyada iki rəqib və antoqonist faktiki güc mərkəzinə çevrilmiş Vaşinqtonla Kremlin, əsla çəkinmədən, danışıqlar aparacağı ölkəyə döndərib.

Azərbaycan həm ABŞ, həm də Rusiya ilə normal, sürətlə inkişaf edən və maraqlarla mənafelərin qarşılıqlı təmin olunduğu, üfüqi təmaslara əsaslanmış tərəfdaşlığa söykənən siyasətin yürüdüldüyü, bu baxımdan, postsovet məkanı ilə bahəm, Yaxın Şərqlə Ön Asiyada unikal və təkrarsız ölkədir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu, dövlətimizin qlobal proseslərdə və regional siyasətdə aktiv yerlə ciddi və nüfuzlu çəkiyə malik olması da önəmli amillər arasındadır. Ən nəhayət, Azərbaycan nə ABŞ-ın təsiri altında olan, nə də Rusiyanın göstərişlərini xarici siyasətində mütləq nəzərə alan ölkə deyil. Azərbaycan nə NATO-nun, nə də "MDB NATO-su" adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Bununla yanaşı, Azərbaycan ABŞ və Rusiya ilə yanaşı, Avropa İttifaqının və Şərq ölkələrinin, xüsusilə də, ərəb dünyasının çox böyük sayğı bəslədiyi dövlətdir.

Aydın Mirzəzadə: "Bu görüşün Bakıda keçirilməsi artıq Azərbaycana stabil, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunan, müxtəlif güc mərkəzləri ilə çox yaxşı münasibətləri olan ölkə kimi qiymət verilir"

Milli Məclisin deputatı Aydın Mirzəzadə NATO və Rusiya generallarının görüşü üçün, məhz Bakının seçilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, Azərbaycana stabil, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunan, müxtəlif güc mərkəzləri ilə çox yaxşı münasibətləri olan ölkə kimi qiymət verilir: " Bu gün dünyanın diqqəti Bakıya yönəlib və NATO və Rusiya generallarının görüşü üçün növbəti dəfə Bakının seçilməsi də çox ciddi hadisədir. Eyni zamanda, bu görüşün Bakıda keçirilməsi, artıq Azərbaycana stabil, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunan, müxtəlif güc mərkəzləri ilə çox yaxşı münasibətləri olan ölkə kimi qiymət verilir. Bütün bunların hamısı, Ermənistandan başqa, dünyanın digər dövlətləri ilə Azərbaycan arasında yüksək münasibətin daha da dərinləşməsinə səbəb olacaq".

Elman Nəsirov: "Avropa İttifaqı Azərbaycana çox etibarlı, strateji tərəfdaş kimi yanaşır"

Sözügedən beynəlxalq tarixi görüşlə bağlı millət vəkili, politoloq Elman Nəsirli Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dinamik inkişaf tenpinə malik olduğunu bildirib: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər və qarşılıqlı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilib. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıya səfəri, burada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər, öz "Tvitter" səhifəsində, məhz Azərbaycan dilində təəssüratlarını çatdırması Avropa İttifaqının Azərbaycana çox etibarlı və strateji tərəfdaş kimi yanaşdığını göstərir: "Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən bildirdi ki, dövlət başçımızın səyləri, konstruktiv mövqeyi nəticəsində, Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edib, indiki səviyyəyə çatdıb. Bununla, o, Azərbaycan Prezidentinin Avropa İttifaqı və Azərbaycanın ikitərəfli əlaqələrinin güclənməsində mühüm rol oynadığını dilə gətirib. Bu, olduqca mühüm amil, böyük dəyər və diqqətdir".

Millət vəkili onu da bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, qarşılıqlı münasibətlərə, strateji tərəfdaşlıq əlaqələrinə böyük dəyər verməsi, İttifaqa üzv 32 dövlətdən 9-u ilə strateji tərəfdaşlıq müqaviləsini imzalaması münasibətlərin inkişafına əyani misaldır: "Hazırda Avropa İttifaqı ilə imzalanacaq yeni strateji sənəd üzərində iş gedir. Bu sənədin imzalanması üçün əsas fundamental məsələlərdə razılaşmalar əldə edilib və yaxın perspektivdə onun imzalanması baş tutacaq. Həmin sazişin imzalanması ilə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq".

Elxan Şahinoğlu: "Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir"

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir: "Bakıda əvvəllər də belə görüşlər olub. Ancaq həmin görüşlərdə Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Todd Volters əvəz edib. Yəni bu, Voltersin Bakıda Gerasimovla ilk görüşüdür".

E.Şahinoğlunun fikrincə, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir: "Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir və iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan, Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO da Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də, Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir".

Beləliklə, qlobal güclərin nümayəndələrinin, məhz Bakıda görüşmələri ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici və sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...