Dövlət başçısının Sərəncamı ilə neftçi-alim Fərman Salmanovun adı əbədiləşdiriləcək

Dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuş Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd" təsis ediləcək, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Bunula yanaşı, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək. Bu, dövlət başçısının elmə, onun böyük simalarına, Azərbaycanın adını yüksəldən insanlara olan daha bir diqqətdir.
Həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi olan Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi də təsadüfi deyildi.
1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olan F.Salmanov orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk Geologiya İdarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olmuşdur.
1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut Neft Kəşfiyyatı Ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən Fərman Salmanov 1962-1964-cü illərdə Ust-Balık Ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk Neft Kəşfiyyatı Ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.
O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə ilk neft yataqlarını üzə çıxarmışdır. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək, istismara verilmişdir. Belə ki, Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir.
Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmişdir. Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
F.Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olmuş, 1992-ci ildən "Rospan İnternəşnl" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə "İtera" Şirkəti Direktorlar Şurası sədrinin müşaviri, eləcə də, "Yuqneftqaz" Cəmiyyəti Direktorlar Şurasının sədri işləmişdir.
F.Salmanovun şəxsiyyətində tədqiqatçı, alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
F.Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiqdir. Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş F.Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərmiş, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf etmişdir. O, neft sənayesinin inkişafındakı xidmətlərinə görə, bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycanın ali mükafatına – "Şöhrət" ordeninə layiq görülmüşdür.
Mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru F.Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat etmişdir.
Görkəmli neftçi-alim, gözəl ziyalı və təvazökar insan F.Salmanovun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə