Alternativ AXCP-dən Əli Kərimliyə daha bir ittiham QARŞIDURMA

Razi Nurullayev: “Onlar özləri bilmədən uçuruma yuvarlanır və necə zombiyə çevrildiklərinin də fərqinə varmırlar”

“O, bu gün AXCP-ni təmsil edə bilməz. Çünki heç kimin gözləntisini doğrultmayıb, ona qoyulan sərmayələri batırıb və iflasa uğrayıb. Kərimli başa gətirilsə, hər şeyi bərbad edəcək və özü kimi ölkəni də iflasa aparacaq”. SİA xəbər verir ki, bu fikirləri alternativ AXCP-nin sədri, Əli Kərimlinin müavini olmuş Razi Nurullayev qarşı tərəfə həsr etdiyi siyasi təhlilində qeyd edib.

Vaxtilə Əbülfəz Elçibəyin müxalifəti bir araya gətirdiyini, lakin liderinə xəyanət edərək, düşərgəni kökündən parçalandığını, bu parçalanmada “Yurd” şefinin xüsusi rol aldığını xatırladan alternativ AXCP-nin sədri Kərimlinin sədri olduğu siyasi təşkilat daxilində avtoritar idarəçilik üsulu tətbiq etdiyini bildirib: “Demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparan siyasətçilər ilk növbədə öz ətraflarında demokratik ab-hava yaratmalıdırlar. Xalqın gözü tərəzidir. Amma o tərəzi hələ də o demokratiyanı görə bilmir. Əli Kərimlinin yanında daxili demokratiya yoxdur. Onun zombiləşdirdiyi tərəfdarları “Kərimlinin təklifləri məntiqli və müdrikdir, inandırmağı bacarır. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki o, bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır” kimi iddialar səsləndirirlər”.

AXCP sədrinin sabiq müavini, alternativ cəbhəçilərin sədri təəssüf edir ki, hələ də Ə.Kərimlinin yanında ona inananlar var və nə qədər gec deyil, xəyanətkarın ətrafından kənarlaşmalıdırlar: “Əfsuslar olsun ki, hələ də ayılmayan cəbhəçilər və müxalifətçilər var. Onlar özləri bilmədən uçuruma yuvarlanır və necə zombiyə çevrildiklərinin də fərqinə varmırlar. Əcaba nədən Əli Kərimlinin məntiqinin bütün cəbhəçilərin ən öndə gedənlərindən və ümumiikdə onların cəminin ağıl və məntiqindən üstün olduğunu tirajlayırlar?”

“Müxalifətin zəif tərəflərindən biri onun öz orbiti ətrafında fırlanmasıdır”, deyən R.Nurullayev Ə.Kərimlinin də bu isyiqamətdə dövr etdiyini deyib: “ Düz 15 ildir ki, “Yurd” sədri öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi ona məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun “hava limanı”nda necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, onu sevənlər də var. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə şəxsiyyətinə pərəstiş yaratdığı kəslərdən dolayı az sayda insanın ona siyasi simpatiyası var”.

Razi Nurullayevə görə, Əli Kərimlinin özü deyib, özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqlarının hər sətrini sanki dini ayə kimi tirajlanmasını istəyir. Cəbhəçilərin bir qismi isə heç oxumadan “Yurd” sədrinin adını nişanlayıb tirajlama siyasəti həyata keçirirlər: “Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib. Müxalifətin dediyini xalq, xalqın səsini isə müxalifət eşitmir. Artıq həm də onun tərəfindən xalqla müxalifət arasında əlaqə vasitələri sıradan çıxarılıb. Kiçik bir dairə cızaraq, içərisində oyun oynamaqla, əks tərəfə qışqırmaqla böyük siyasi məqsədlərə çatmaq mümkün deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...