"Baş verən münaqişələrdə dini səbəb axtarmaq lazım deyil" Komitə sədri

"İslamın əsl mahiyyətini gələcək nəslə çatdırmaqla bu din adı altında müsəlman ölkələrində törədilən fəsadların qarşısını ala bilərik". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.

Komitə sədrinin sözlərinə görə, Qafqazda bir sıra münaqişə ocaqları var və burada kimlərsə din adından istifadə etməyə cəhd edir: "Lakin bu gün baş verən münaqişələrdə dini səbəb axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geosiyasi, iqtisadi maraqları olan qrupların əməlləri dayanır. Dinin bunlara hər hansı bir təsiri yoxdur. Nə "Qurani-Kərim", nə "İncil", nə də "Tövrat" insanları savaşa çağırır. Onlar, əksinə insanları sülh, əmin-amanlığa çağırır. Ona görə də biz İslamın Qafqaz sivilizasiyasında yeri və rolundan danışdıqda regionda yaşayan xalqların tarixini, onların mənsub olduqları dinləri dəqiq bilməliyik. Ümumi Qafqaz Evi yaratmaqla - bu ideya yeni deyil, əvvəllər də mövcud olub - regionda yaşayan xalqlar arasında sülh, əmin-amanlığa nail ola bilərik. Bu da bütövlükdə Qafqazın inkişafına böyük təkan vermiş olar. Qafqaz Evi tolerant yanaşmada multikultural dəyərləri qorumağa xidmət edir".

M.Qurbanlı qeyd edib ki, İslamla bağlı tədqiqatların aparılması vacibdir, çünki bu gün dünyada islamofobiya və İslamdan sui-istifadə, bu din adı altında müxtəlif terror qruplarının yaradılması halları özünü göstərir.

Komitə sədri Azərbaycanın sivilizasiyalararası əlaqələrə önəm verdiyini də nəzərə çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...