"Azərbaycan dünyada nümunəvi ölkədir" Rektor

"Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınır". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

C.Məmmədov bildirib ki, bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu deyən C.Məmmədov ölkəmizdə çoxlu sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük ibadət yeri olan “Heydər məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

Rektor İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerinin olduğunu da xüsusi nəzərə çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə