Elşad Mirbəşiroğlu: “Ermənistan yenə də təmas xəttində təxribatlarla məşğul oldu” RƏY-ÖZƏL

“Xarici işlər nazirləri səviyyəsində keçirilən ABŞ görüşünün əsas nəticəsi, növbəti bir görüş barəsində qarşılıqlı razılaşma oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, amma məsələnin digər görünən odur ki, bu görüş mahiyyət etibarı ilə Ermənistanın dırnaq arası səyləri nəticəsində dekorativ xarakter daşıyır: “Bu dekorativliyi ifadə edən əsas məqam ondan ibarətdir ki, görüş öncəsi Ermənistan tərəfi yenə də təmas xəttində təxribatlarla məşğul oldu və görüş üçün sanki başqa bir mövzunu önə çıxartdı. Mövzu da ondan ibarət oldu ki, atəşkəs rejiminə əməl olunsun, qarşılıqlı etimad məsələləri üzərində ciddi düşünülsün. Yəni birbaşa olaraq münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir nəticənin əldə olunmasından daha çox diqqətlər yenə də təmas xəttində baş verənlərə fokuslandı. Bu da təbii ki, Ermənistan tərəfinin məqsədli addımı idi və biz diqqət yetirsək görərik ki, Ermənistan tərəfi həmişə münaqişənin tənzimlənməsi ilə bağlı nəzərdə tutulan görüşlər öncəsi təxribatlara əl atır. Növbəti görüşün keçirilməsi ilə bağlı müəyyənliyin ortada olması özü-özlüyündə müsbət haldır. Amma Ermənistanın mövqeyində hər hansı bir dəyişikliyin müşahidə olunması fonunda bu görüşündə nəticəsindən nəyinsə gözlənilməsi haqqında düşünmək sadəlövhlük olardı. Bu baxımdan, sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bir növ özlərinin fəallıqlarını nümayiş etdirmək istəyirlər və bu nümayişdə elə biri-birlərinin qarşısında göstərilən nümayişdir. Yəni biri-birlərinə sübut etmək istəyirlər ki, münaqişə vəziyyətində mənim də təsirim ola bilər və məndə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəaliyyət göstərmək iqtidarındayam. Hesab edirəm ki, bundan kənara çıxmaq hələlik müşahidə olunmur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə