Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib TƏDBİR

Bu gün Qafqaz Siyasi Analiz Mərkəzi (CPAC) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskasın (Kestutis Jankauskas) Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının müəllim, tələbə və məzunları ilə görüşünü təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Akademik Urxan Ələkbərov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş keçirilib.

Görüş əsasında Azərbaycanda son illərdə aparılan davamlı siyasi, iqtisadi və sosial tədbirlər barəsində məlumat verilib, fikir mübadiləsi aparılıb.

Akademiyanın müəllim, tələbə və məzun heyəti ilə görüşün açılış nitqini edən Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) direktoru Əhməd Əlili tədbirin mahiyyəti barədə məlumat verib, tədbirin təşkil edilməsində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına minnətdarlıq bildirib.

Görüş zamanı cənab səfir “Dəyişən regional mühitdə Aİ-Azərbaycan münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib; Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müasir durumu, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Aİ institutları ilə birgə fəaliyyəti, Aİ-Azərbaycan qarşılıqlı münasibətlər dinamikası, tərəflər arasında əməkdaşlığın perspektivləri mövzularına toxunulub.

Çıxışdan sonra, cənab səfir bu mövzularla maraqlanan akademik dairələrin təmsilçiləri, tədqiqatçılar və tələbələrin suallarını cavablandırıb.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim, tələbə və məzunları ilə yanaşı, Azərbaycanın digər təhsil və elm müəssisələrinin, vətəndaş cəmiyyəti, ayrı-ayrı media qurumlarının təmsilçilərinin iştirakı ilə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə