"ABŞ-la İran arasında gərginlik pik həddə çatıb" ŞƏRH-ÖZƏL

“İranın nüvə proqramı ilə bağlı əldə olunmuş bir çox razılaşmadan çıxacağını bildirməsi və ABŞ-ın keçən il bu proqramdan çıxması, regionda hərbi-siyasi gərginliyin artması ilə bağlı ehtimalların doğrultmasına səbəb oldu. Artıq iki ölkə arasında gərginliyin pik nöqtəyə çatdığını deyə bilərik”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, ABŞ hərbi donanmasının regionda aktivləşməsi, İranın ABŞ-ın pilotsuz hərbi təyyarəsini vurması bölgədə müxtəlif hərbi ssenarilərin reallaşmasına dair fikirləri əsaslandırmış olur.

Onun sözlərinə görə, baş verənlər bir daha sübut edir ki, iki ölkə arasında hibrid müharibə başlanıb: “Nə ABŞ, nə də İran açıq hərbi əməliyyatlar səviyyəsində müharibə etmək niyyətində olmasalar da, iki ölkə arasında hibrid müharibəsinin fəal şəkildə davam etdiyini demək olar”.

İ. Vəlizadə söyləyib ki, baş verənlər ABŞ tərəfindən İranın bölgədə vəziyyətinin daha da mürəkkəbləşməsinə hesablanıb.

Müharibə baş verəcəyi təqdirdə onun Azərbaycanlarına təsirinə gəlincə, politoloq qeyd edib ki, müharibə baş verərsə, Azərbaycan və digər qonşu ölkələr heç cür bu problemlərdən yan keçə bilməz.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə