Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

İlham Əliyev: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!"

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi.
O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
"Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır" deyən Ümummilli Liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı"na qoşulmuşdur. Bu gün artıq Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir.

"Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək"

"Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır" deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Ordu quruculuğu - son 16 illik uğurlu nəticələr

Məhz Prezident İlham Əliyevin son 16 illik uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait, artıq bir neçə ildir ki, ardıcıl olaraq, Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsal olunması ölkəmizin hərbi qüdrətinin artmasının bariz nümunələrindəndir.
Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hazırda güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir və şəxsi heyətin döyüş ruhu yüksəkdir. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bu gün orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşı, könüllü olaraq, torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Prezident İlham Əliyev hər çıxışında Azərbaycan Ordusunun gücünü və torpaqlarımızı azad etmək əzmində olduğunu xüsusi olaraq vurğulayır. Elə 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev ordu ilə bağlı mühüm mesajlar verdi: "Biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda, beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi və beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq."
Bu reallıq, bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 16 il ərzində, ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından, ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq.

Azərbaycan Ordusu - dünyanın 50 ən güclü ordusu sırasında

Son 16 ildə ölkədə aparılan ardıcıl islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan və yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvən yeridir. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır.
"Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun və xalqımızın vətənpərvərlik ruhunu gücləndirir". Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezidnent İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin hər ötən gün artdığını deyir. Xalq tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir: "Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan, özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb".
Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad zamanı nümayiş etdirildi.

Düşmənə həmişə yerini göstərən Azərbaycan Ordusu

2016-cı ilin tarixi aprel döyüşü. Həmişə olduğu kimi, yenə də Azərbaycan Ordusu düşmənə öz yerini göstərdi. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusu əks-hücumla cavab verməyə məcbur oldu. Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında da bildirdi ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü və məharətini göstərib. "Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində, işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır" deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə növbəti töhfə - Günnüt əməliyyatı...

Bütün döyüşləri qələbərlə başa vuran Azərbaycan Ordusu Azərbaycan Silahlı qüvvələrinin 100 illiyinə daha bir töhfə Naxçıvandan oldu. Günnüt əməliyyatı... Əlahiddə Ümumqoşun Ordusunun bölmələri uğurlu əks-həmlə əməliyyatı ilə düşməni Şərur rayonunun işğal altındakı Günnüt kəndindən çəkilməyə məcbur etdi. "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Artıq bu yüksəkliklərdən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu və bir neçə ətraf yaşayış məntəqəsinə nəzarət edə bilirik...
Bütün bunlar göstərdi ki, belə xəbərləri yenə eşidəcəyik. Müharibə hələ bitməyib. Nə qədər ki, əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq!
Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...