"Ordumuz torpaqlarımızı azad etməyə tam hazırdır" ÖZƏL-ŞƏRH

"Hər il ölkəmizdə 26 iyun tarixində Milli Ordumuzun yaranması günü qeyd olunur. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaranmasına başlanıb: "Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan torpaqlarımızı azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Sovet hakimiyyəti dövründə də Rus imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi. Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına mümkün qədər imkan verməmək. Bu siyasətin mahiyyətini dərindən başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Uzaqgörən dövlət başçısı o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev azərbaycan xalqının təkidi ilə yenidən həkimiyyətə qayıtdıqdan sonra başlandı. Bu dövrdən etibarən ölkədəki bütün silahlı birləşmələr dövlətin tam nəzarətinə keçdi. Qısa zaman ərzində Fizuli və Ağdam rayonlarının bi sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun tərəfinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməyə məcbur oldu.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqət, qayğısı və rəhbərliyi ilə son illərdə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən gücü ordusuna çevrilib və öz hərbi potensialına görə dünyanın ən gücülü 50 ordusu sırasındadır.

2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, 2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı işğaldan azad etmək əzmindədir.

26 iyun Azərbaycanın Milli Ordu Günü münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...