"Şirməmməd Hüseynov mətbuat tariximizin araşdırmaçısı idi" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə professor Şirməmməd Hüseynov çox savadlı və geniş dünyagörüşünə malik idi". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.

Baş redaktor bildirib ki, Şirməmməd Hüseynov Azərbaycan mətbuatının ənənələrini gözəl bilirdi: "Şirməmməd Hüseynov xüsusən Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet dövründən əvvəlki dövr mətbuatını yaxşı araşdırmışdı və tədqiq etmişdi. O dövrdə mətbuatda gedən mübarizələri və jurnalistlərin hamısını yaxşı tanıyırdı. Şirməmməd müəllim bir neçə sahədə fəaliyyət göstərirdi. O həm siyasi icmalçı kimi respublikanın ictimai-siyasi həyatında baş verən hadisələri şərh edirdi, insanları maarifləndirirdi, həm də müəllim idi və yaxşı tələbələr hazırlayırdı. Şirməmməd Hüseynov mətbuat tariximizin araşdırmaçısı idi. Yəni bütün sahələrdə o tam gücü ilə işləyən bir insan idi. 95 il ömür sürdü və ömrünün son gününə qədər çalışdı. Onun rejimi var idi. Şirməmməd Hüseynov təmənnasız insan idi və son dərəcə prinsipial idi. O şeyi ki, həqiqət bilirdi sona qədər ona gedirdi və güzəştə getmirdi. O istəyirdi ki, cavanlar savadlı, səviyyəli olsunlar və oxusunlar. Rəhmətlik onları oxudurdu və heç bir xahişə baxmırdı. O tələbəni oxutdurub sonra qiymətini verirdi. Şirməmməd müəllim heç vaxt təmənna güdməyib. Onun bütün bu açıqlığı, qətiyyəti, prinsipiallığı daima onu sevdirirdi. Biz tələbələr həm ona böyük hörmətlə yanaşırdıq, həm də çəkinərdik. Çünki onun biliyi, savadı, qətiyyəti güclü idi. Şirməmməd Hüseynov ömrünün sonuna qədər öz ənənəsinə sadiq qaldı, Azərbaycan dövlətinə, mətbuatına, xalqına xidmət etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə