Əli Kərimli xalqa müxalifdir və xalqdan qisas alacağını düşünür ANALIZ+FOTOLAR

Bu məsələdə onun yanında olanlar söyüş qrupları və trollardır

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin “hakimiyyətə gəlmək” arzusu sadəcə xam xəyaldır və bu məsələdə onu dəstəkləməyənlər yalnız düşərgənin digər qanadlarında yer alan müxalifətçilər deyil, o cümlədən, iqtidarın siyasətini dəstəkləyən xalqdır. Məhz xalq amili “axecepeçilərin” sədrini aqressivləşdirir, nəticədə zaman-zaman xalqdan qisas alacağını həyasızcasına bəyan edir.

Əslində, onun bu kimi “texnologiyası” heç bir səmərə vermir, əksinə bir çoxları bənzər metodlardan iyrənir, ürpənir və kərimovçular düşərgəsini tərk edirlər

Xüsusilə, siyasi çevrələrdə jurnalistika ilə məşğul olanlara, həmçinin, siyasi cəhətdən intellektual səviyyəli şəxslərə qarşı söyüşlər söydürən Ə.Kərimli bütün gücünü sosial şəbəkələrdə yönəldərək, gecə-gündüz, dayanmadan dövlətçilik maraqlarını müdafiə edən istənilən insanları təhqir hədəfinə alır. Əslində, onun bu kimi “texnologiyası” heç bir səmərə vermir, əksinə bir çoxları bənzər metodlardan iyrənir, ürpənir və kərimovçular düşərgəsini tərk edirlər.

Lakin əsas məsələ məhz AXCP sədrinin qisasçılıq hissi ilə alışıb-yanması reallığıdır ki, bu reallıq bir gün əlbət ki, onun özünü yandıracaq. Çünki o da kimsəyə sirr deyil ki, Ə.Kərimli çox sevdiyi mikrofonundan ikiəlli yapışaraq “demokratiya”, “insan haqları” bağırsa da, ilk olaraq öz çevrəsindəkilərin hüquqlarını pozur, avtoritar idarəçilik sistemi yürüdür, demokratik ab-havanı zəhərləyir, təşəbbüs edənləri dərhal özündən uzaqlaşdırır, onun çirkin siyasəti nəticəsində həbslərə düşmüş şəxsləri taleyin hökmünə buraxır və s. Budur AXCP sədri Ə.Kərimlinin gerçək “siması”, yaxud simasızlığı!

Yalnız öz idarəsində 200-ə yaxın saxta “Facebook” hesabı olan Kərimli üçün sosial şəbəkə əsl təhdid meydanına çevrilib

O da əbəs deyil ki, artıq siyasi çevrlərdə Kərimli real dünyanın deyil, sosial şəbəkələrin “siyasətçisinə” çevrilib. Bütün fəaliyyəti üçün ona bir neçə kompüter və çox sayda saxta hesab bəs edir. Yalnız öz idarəsində 200-ə yaxın saxta “Facebook” hesabı olan Kərimli üçün sosial şəbəkə əsl təhdid meydanına çevrilib. Rəhbəri olduğu trollar məhz Kərimlinin diktəsi, birbaşa tapşırığı ilə “Facebook”da, “Youtube”da rüzgar əsdirir, “bəy tərifi” yağdırır, ona qarşı yönəlmiş hətta yüngül irada belə hədə-qorxuyla cavab verir, daha da uzağa gedərək təhdidlər, ardınca isə söyüşlər yazırlar.

Ancaq söyüşlərlə yanaşı, təhdidlər də yer alır. Bəlkə də Ə.Kərimlinin “asacağı”, “kəsəcəyi” şəxslər arasında yüzlərlə, minlərlə insanlar var...

ABŞ-da yaşayan jurnalist-bloqer İsmayıl Cəlilov internet trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib.

Misal üçün, bu günlərdə jurnalist İsmayıl Cəlilovla bağlı olay bütün bunların real sübutudur. ABŞ-da yaşayan jurnalistin AXCP sədri barədə söylədiyi sözlər onun xoşuna gəlməyib və anında bircə hərəkətlə trol qrupu iş başına keçib. Nəticədə İ.Cəlilov internet trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib. Jurnalistin sözlərinə görə, ona qarşı kampaniya Youtube kanalındakı müsahibələrdən birində Ə.Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra sosial şəbəkələrdə başlayıb. Nəticədə İ.Cəlilovun “Facebook” sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb.

“Mənim “Youtube” kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxıb və müsahibəsində o, Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə Əli Kərimlinin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar. Adi tənqidə şəxsiyyətin alçaldılması ilə cavab verən bu qrupa nə deyəsən?”, deyə İ.Cəlilov yazıb. Bu kimi davranışların isə bir adı var – qisasçılıq!

İlkin Rüstəmzadənin # Qınayıram həştəqi...

İndi isə növbət fakta da diqqət yetirək. Vaxtilə Kərimliyə yaxınlığı ilə seçilən, lakin sonradan ondan üz çevirən İlkin Rüstəmzadənin yazdığı status diqqətçəkicidir. SİTAT: “Cəbhəçilərə ayıb olsun! Trolluq eləyirlər az deyil, hələ bunu açıb-ağardırlar da. Sonra qabqalarına screenlərini (yazdıqları statuslarının şəkillərini – R.R.) atırsan, boyunlarına almırlar.

Hələ o liderləri. Keçən dəfə görüşdük ki, çay içib, söhbət eliyək. Kimə deyirsən. Telefonları dayanmırdı. Ona səs atır, buna zəng edir. “Filankəsi söyün”, “bəhmankəsi də yaddan çıxarmayın”, “hə, o yadımdan çıxmışdı, onu da”, “Narahat olma, ayın axrı alassız”, temalarını eşitməkdən bezdik. Ayıbdır, qınayıram”.

Bu statusun sonunda isə. # Qınayıram həştəqi qoyulub.

Beləliklə, fakt budur ki, AXCP sədri Ə.Kərimli həqiqətən də xalqa, dövlətçilik maraqlarına qarşı amansızcasına qənim kəslimiş bir siyasi vəhşidir və onu tanıyanlar da yaxşı bilirlər ki, bu belədir. Sadəcə, belə bir ünsürün hələ də ortalıqda var-gəl etməsi, nəyə görə bu əməllərinə görə cavab verməməsi bəzi sualları doğurur...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə