Ermənistanın Gürcüstan vahiməsi - ANALİZ

Lragir.am: “Türkiyə və Azərbaycan Gürcüstanı Ermənistanı güclü blokadada saxlamaq üçün platforma kimi görürlər”

Gürcüstanda yaranmış gərgin vəziyyətlə bağlı Ermənistanda xarici kommunikasiyalarla bağlı narahatlıqlar yaranıb. SİA xəbər verir ki, bu barədə ermənilərin lragir.am saytı yazır. SİTAT: “Problemin məsələ ətrafında iki tərəfi var: Yuxarı Larsla bağlı mövcud rabitə və alternativ yollar. Gürcüstanla Rusiya artıq bir neçə ildir ki, Osetiya və Abxaziya üzərindən yolların açılması mümkünlüyü ətrafında danışıqlar aparırdılar. Lakin bəlli anti-Rusiya çıxışlarından sonra Gürcüstanda həmin məsələni uzunmüddətli perspektivdə bağlı hesab etmək olar.

Mövcud kommunikasiyaya gəldikdə isə qeyd etmək lazımdır ki, son zamanlar Gürcüstanda erməni yükdaşımalarına, xüsusilə buğda daşınmasına qarşı məhdudiyyətlərin qoyulmasına cəhdlər olmuşdu”.

“Azərbaycan Gürcüstanda iqtisadi təsirlərini saxlayır”

Erməni saytı yazır ki, hələlik məhdudiyyətlər yoxdur, lakin Ermənistanın ekspertlər cəmiyyətində sözügedən məsələ ilə bağlı narahatlıqlar qalır.

Bu arada, adıçəkilən erməni saytı Gürcüstandakı gərginliklə bağlı Ermənistanı təlaşlandıran digər məsələyə də toxunub – Türkiyə və Azərbaycana. SİTAT: “Qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan Gürcüstanı Ermənistanı güclü blokadada saxlamaq üçün platforma kimi görürlər. Azərbaycanın xüsusi xidmət orqanları Gürcüstanda fəal iş aparır, bununla da iqtisadi təsirlərini saxlayır”.

“Türkiyə və Azərbaycan hərbçilərinin Naxçıvanda keçirdikləri hərbi təlimlər Ermənistana qarşı istiqamətlənib”

O cümlədən, İran amilinə də toxunan erməni analitik informasiya saytı yazır ki, Ermənistanın ABŞ-İran gərginliyi baxımından İran istiqamətində də problemləri yarana bilər: “Ekspertlər mümkün gərginlikdən doğa biləcək müharibəni istisna etsələr belə, əgər bu gərginlik hərbi münaqişəyə qədər inkişaf edərsə, ikinci erməni yolu ilə də bağlı problem yaşana bilər. Bir dəfə Nikol Paşinyan ABŞ prezidentinin müşaviri Boltonla görüşündə Ermənistan-İran sərhədlərinin bağlana bilməsi mümkünlüyü barədə danışmışdı. Münaqişə hərbi qarşıdurmaya qədər gedib-çıxacaqmı? Qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan hərbçilərinin Naxçıvanda keçirdikləri hərbi təlimlər Ermənistana qarşı istiqamətlənib və İran istiqamətinə də keçid alacağı mümkünlüyü də var”.

Məhz Gürcüstanda cərəyan edən hadisələr ermənilər üçün ciddi SOS siqnalı hesab oluna bilər

Beləliklə, Ermənistan necə deyərlər, odla su arasında qalıb – birində batacaq, digərində isə yanacaq. Məhz Gürcüstanda cərəyan edən hadisələr ermənilər üçün ciddi SOS siqnalı hesab oluna bilər. Əbəs deyil ki, bu ətrafda yazan erməni KİV-ləri daxillərində yaranmış qorxu və təlaşlarını açığa çıxararaq yazırlar ki, belə situasiyalarda diplomatik və hərbi-siyasi məsələləri müzakirə etmək lazımdır. Ancaq Ermənistanın ümumiyyətlə heç bir proseslərdə yer almaması, əksinə, baş verən proseslərdən narahat olması həm də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu ölkənin uğursuz siyasi hakimiyyəti və digər dairələri sadəcə başlarına gələ biləcək ən qorxulu olaylardan sığortalanmadıqlarını etiraf etməlidirlər. Dünya güclərinin öz maraqlarını qorumaq üçün oynadıqları böyük siyasi oyunlarda Ermənistan sadəcə, zəif, gücsüz və heç bir əhəmiyyətə malik olmayan bir ölkə olaraq peşka rolunu oynayır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...