İlham Quliyev: “Yüz minlərlə insan bu artımlardan faydalanacaq” RƏY-ÖZƏL

“Keçən ildən başlayaraq həyata keçirilən islahatlar büdcədə daxilolmaları artırıb”. Bunu SİA-ya açıqlamasında “Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, hökumət ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, bu daxilolmaları birbaşa əhalinin sosial baxımdan zəif təbəqələrinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldib: “2019-cu ilin əvvəlindən Azərbaycanda sosial islahatlar paketinin reallaşdırılmasına başlanılıb. Xüsusən də əhalinin sosial baxımdan həssas təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, gəlirlərinin artırılması üçün konkret və sistemli iş aparılır. Bilirik ki, ilin əvvəlindən minimum əməkhaqlarının, pensiyaların və digər müavinətlərin artırılması ilə bağlı sərəncamlar verildi və onların icrası təmin edildi. Bundan sonra da Cənab Prezident keçirdiyi görüşlərdə, müxtəlif tədbirlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının hökumətin proitetlərindən biri olduğunu qeyd etmişdi və bu istiqamətdə addımlar atılacağını vurğulamışdı. Verilən növbəti sərəncamlara bu kontekstdən yanaşmaq lazımdır. Bu, ilin əvvəlindən həyata keçirilən sosial paketin reallaşdırılması istiqamətində növbəti inqilabi addım kimi qiymətləndirilə bilər. Bu inqilabi addımların atılması üçün iqtisadi əsasların yaradılması istiqamətində davamlı iş aparılır. Bir Azərbaycan vətəndaşı olaraq, buna hamı sevinməlidir. Çünki yüz minlərlə insan bu artımlardan faydalanacaq. Bütün bunlar hər bir Azərbaycan ailəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq. Aparılan islahatlar, görülən işlər, qurulmuş davamlı dayanıqlı iqtisadi sistem gələcəkdə də hökumətə bu cür addımlar atmaq üçün imkan verəcək. Hesab edirəm ki, qarşıdakı illərdə biz minimum əməkhaqlarının, pensiyaların minimum məbləğinin, əhalinin həssas təbəqələrinin, əlillərin, sosial vəziyyəti zəif olan insanların gəlirlərinin artması istiqamətində addımları müşahidə edəcəyik”.

Gülyanə

Bütün xəbərlər Facebook səhifəmizdə