Vətəndaşların sosial müdafiəsinin gücləndirlməsi ardıcıl və davamlıdır

"Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir". Bu fikirləri "SİA"-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatını sədri Sevil Əhmədova bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır:"Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncamla minimum əməkhaqqının məbləği 250 manata çatdırılıb və belə bir qərarın verilməsi dövlətimizin siyasətində vətəndaş amilinin öndə dayandığı faktını bir daha təsdiqləyir. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb. İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezidentin qeyd etdiyi kimi, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi, məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli surətdə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam Prezident İlham Əliyevin siyasi fəaliyyətində, məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir".
Rayon təşkilat sədri bildirib ki, ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbə qazanması və seçkilərdən keçən müddət ərzindəki fəaliyyəti hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi: "Bu müddət ərzində Azərbaycan bütün sahələrdə inkişaf edib, ölkəmizin daha da güclənməsi üçün uğurlu daxili və xarici siyasət həyata keçirilib. Bu müddət ərzində həyata keçirilən islahatların beynəlxalq qiyməti də, digər illərlə müqayisədə daha fərqlidir. Təsadüfi deyil ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı oldu. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə bu ilin əvvəlində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Belə ki, dövlət başçısının cari ilin fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu".
Bu gün ölkəmizin güclü iqtisadi imkanlara malik olduğunu bildirən S.Əhmədova Azərbaycanın iqtisadi qüdrətinin, ixrac potensialının ilbəil artdığını və qeyri-neft sektorunun inkişaf etdiyini də diqqətə çatdırıb:"Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb və bütün bunlar insanların güzəranı daha da yaxşılaşdırır. Azərbaycan sosialyönümlü dövlətdir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən islahatlar reallaşır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə