Ermənistanda investisiyanın qəbul edilməsinin dəqiq sistemi yoxdur

İnvestorlar gəlir, baş nazirlə görüşürlər və çıxıb gedirlər, çünki investisiya qoyuluşu mexanizmi bəlli deyil və dəqiq sistem qurulması vacibdir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisində dövlət büdcəsinin icrasının müzakirəsi zamanı “Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyan deyib.

O, bildirib ki, əgər bir vətəndaş təhlükəsizlik, ədalət və ölkədə işləmək istəyirsə, o zaman müəyyən bir büdcənin həyata keçirilməsində istehsal, məhsuldarlıq və gəlirlilik tələb olunur.

"Mən heç vaxt investisiyaların iqtisadi və sosial effektivliyinin hərtərəfli təqdim edildiyini görmədim. Bu barədə informasiya sıfır səviyyəsindədir. Ancaq deyilib ki, yalnız ixrac sahəsindəki gəlirlilik digər sahələrə nisbətən 8% azdır. Lakin daxili bazar problemləri barədə bir kəlmə belə deyilməyib" -deyə, Melkumyan bildirib.

Deputatın sözlərinə görə, eksport yanvar ayında 16,5%, fevral ayında 8,2%, mart ayında isə 2,2% azalıb.

“Ümumilikdə dörd ay ərzində Ermənistanda əksport 4,1% azalıb”-deyə, o nəzərə çatdırıb.

Mikael Melkumyan eyni zamanda qeyd edib ki, Ermənistanda investisiyanın qəbul edilməsinin dəqiq sistemi də yoxdur. Onun sözlərinə görə investorlar gəlirlər, baş nazirlə, nazirlərlə, nazir müavinləri ilə görüşürlər və çıxıb gedirlər. Çünki, investisiyaların hansı mexanizmlərlə reallaşdırıldığı aydın deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə