Sosial sahədə növbəti inqilabi addımlar

"Dövlət başçısının hər dəfə imzaladığı sərəncamlar ictimaiyyətdə 2003-cü ildə Prezidentimiz tərəfindən deyilən aforizmə çevrilmiş fikirləri xatırladır: "Mən hər kəsin Prezidenti olacam" və ya "Neft kapitalını insan kapitalına çevirəcəyik".

Bu fikirləri "SİA"ya açıqlamasında millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib. Onun sözlərinə görə, bugünədək həyata keçirilmiş uğurlu siyasətin fəlsəfəsi də bu təməl üzərində qurulmuşdur: "Azərbaycan xalqının, onun hər bir vətəndaşının rifahının yaxşılaşdırılması məhz Prezidentimizin şərəflə həyata keçirdiyi vəzifənin əsas məqsədidir. Bir neçə gün bundan öncə ölkə başçısı Möhtərəm Cənab İlham Əliyev növbəti tarixi bir sərəncam imzaladı. Doğrusu, ictimaiyyət üçün möhtərəm Prezidentimiz tərəfindən imzalanan belə humanist sərəncamlar çox gözləniləndir. Biz xronoloji olaraq, 2003-cü ildən bugünə qədər ki, imzalanan bütün sənədlərə və həyata keçirilən islahatlara, eləcə də dövlət proqramına diqqət yetirsək görərik ki, əsas ana xəttin xalqın rifahı və firavanlığı təşkil edir. Bu mənada təkcə bu ilin əvvəlindən başlayaraq, imzalanan sənədlər bunları tam və qabarıq şəkildə əks etdirir".
Millət vəkili bildirib ki, əhalinin bütün sahələrdə həm birbaşa və həm də dolayısı yolla həyat səviyyəsi gözlə görüləcək dərəcədə gündən-günə yaxşılaşır. Ötən dövrdən bugünədək əməkhaqqı və pensiyaların dəfələrlə artdığını vurğulayan M.İbrahimqızı bu gerçəkliyin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı: "Əslində 2019-cu il ölkəmizdə sözün həqiqi mənasında Sosial Rifah və Firavanlıq İli adlandırılır. Əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq daha qətiyyətli və zəruri qərarların qəbul edilməsi beynəlxalq ekspertlır tərəfindən də təqdir edilir. Bu ilin əvvəlində minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmasını da nəzərə alsaq əslində növbəti sərəncamla təxminən artım 100 faiz edir. Minimum əməkhaqqının artırılması yüz minlərlə insanların maaşının 270-350 manata qədər ardığını göstərir. Ən vacibi isə minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Qısaca olaraq, əhalinin bütün sahələrini əhatə edən bu Sərəncamı inqilabi Sərəncam adlandırmaq olar. Ümumiyyətlə, ölkəmizdə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət onu göstərir ki, keçmiş Sövet respublikaları arasında ən firavan həyat tərzinə malik olan Azərbaycan əhalisi hətta Avropanın bir çox ölkələri səviyyəsində olacaqdır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə