Jurnalist Əli Kərimlinin trollarının hücumuna məruz qalıb İTTİHAM

İsmayıl Cəlilov: “Nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar?”

ABŞ-da yaşayan jurnalist və bloger İsmayıl Cəlilov AXCP sədri Əli Kərimlinin trolların hücumundan bəhs edib və videomüraciətlə çıxış edib. SİA xəbər verir ki, jurnalistin sözlərinə görə, ona qarşı kampaniya Youtube kanalındakı müsahibələrdən birində AXCP sədri Ə.Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra sosial şəbəkələrdə başlayıb.

Bundan dərhal sonra İ.Cəlilovun Facebook sosial şəbəkəsindəki səhifəsinə Ə. Kərimlininin trolları hücum edərək, ona qarşı təhqirlər yağdırmağa başlayıblar.

“Əli Kərimlinin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar”

Məsələ ondadır ki, İ.Cəlilov Youtube kanalında müxalifətçi Ruslan İzzətli ilə müsahibə hazırlayıb və orada AXCP sədri tənqid olunub. Məhz bundan sonra Kərimlinin trolları onun verdiyi təlimatlara uyğun olaraq, ən ağır təhqir və söyüşləri jurnalistə ünvanlayıblar. «Mənim Youtube kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxıb və müsahibəsində o, Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə Əli Kərimlinin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar”,deyə jurnalist bildirib.

“Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz, onları yığışdırın!”

Onun sözlərinə görə, trolların heç bir tərbiyə və qanacaqları yoxdur, onlar küçə uşaqlarından qətiyyən fərqlənmirlər. Bloger jurnalist həmçinin bildirib ki, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Ə.Kərimli onun efirinə qatılmaqdan imtina edib. «Əli Kərimli gəlmir, çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar? Nəyə görə mən səhərdən axşama qədər onların təhqir dolu şərhlərini pozmalıyam? Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz, onları yığışdırın! Məndə belə bir qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə baş verər? Müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Əgər real hakimiyyət qazansanız..."

Göründüyü kimi, AXCP sədrinin ənənəvi “siyasəti” olan söyüş və təhqir kampaniyası bu gün də davam etdirilir. Lakin söz yox ki, belə kampaniyalar heç vaxt onların istədikləri nəticəni verməyib. Əksinə, sağlam düşüncəli insanlar belələrinə qarışı daha artıq nifrət hissi bəsləməyə başlayırlar.

Qeyd edək ki, İ.Cəlilov əvvəllər ANS ÇM radiostansiyasında populyar aparıcı olub və 90-cı illərdə Azərbaycandan ABŞ-a köçüb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə