Hərbi xərclər artırılır Qanun layihəsi

Prezident İlham Əliyevin təşəbbüsü ilə “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisə təqdim olunub. SİA xəbər verir ki, sözügedən məlumatı Maliyyə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat və yaxud 4,9% artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.

Belə görünür ki, müdafiə xərclərində bu artım İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşlarının 40 faiz artırılmasından irəli gəlir. Həmin xərcləri qarşılamaq üçün müdafiə xərclərinə yenidən baxılmalıdır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...