Vaşinqton görüşü nə vəd edir? AÇIQLAMA-ÖZƏL

“Moskva və Paris görüşlərindən sonra Vaşinqton görüşünün baş tutacağı gözlənilən idi. ATƏT-in Minsk Qrupu bir hesabat və ya bununla bağlı bəyanat verəcək bir qurum kimi öz işini yerinə yetirir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda baş tutacaq görüşü münaqişənin həlli istiqamətində yüksək gözləntilər vəd etmir.

Onun sözlərinə görə, çünki, Ermənistan son görüşdə üzərinə götürdüyü-istər humanitar baxımdan, istərsə də digər öhdəlikləri yerinə yetirmədən bu görüşdə nədən danışacağı məlum deyil: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğu kimi qəbul etmir və hər vəchlə gah formatın dəyişdirilməsi, gah separatçılara əlavə mandatın verilməsi iddiaları ilə çıxış edir, süni gərginlik yaradır, müxtəlif siyasi oyunlar nümayiş etdirir. Bu azmış kimi, atəşkəsi demək olar ki, hər gün pozur, hər iki tərəfdən itkilər verilir. Hazırda isə 10 minlik canlı qüvvə və hərbi texnika ilə məhz işğal olunun ərazilərdə təlim keçirməsi artıq heç bir çərçivəyə sığmayan özbaşınalıqdır”.

A.Nağıyev qeyd edib ki, keçirilən hərbi təlimlər daxili gərginliyin ortaya çıxartdığı bir oyundur: “Rusiya səfirinin Röbert Köçəryanla görüşü də, Ermənistan XİN-in notası da bu seriyadandır. Yəni bir daha qeyd edərdim ki, belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə