Xalqa qayğının bariz təcəssümü

Dövlət büdcəsi vətəndaşların rifahı naminə xərclənir

Görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı və xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək, son 16 ildə görülən işlərin uğurlu nəticələrini bir daha təsdiqləyir.
Bu baxımdan, iyunun 18-də imzalanan 17 Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə, cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.
Bu faktoru da bir daha vurğulamaq lazımdır ki, dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu sərəncamlar, ümumilikdə, 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Reallığı əks etdirən imzalanmış sərəncamlar

Belə ki, həmin sərəncamlara əsasən, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalandı. Bu isə, Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi.
Prezident İlham Əliyevin verdiyi sərəncamlar və qərarlar, bir daha təsdiq olundu ki, əhalinin sosial rifahının gücləndirilməsi, ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Prezidentin imzaladığı sərəncamlar göstərdi ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində, Azərbaycan qarşısında dayanan hədəflərə və müəyyən etdiyi məqsədlərə doğru inamla irəliləyir. Təkcə bir faktı qeyd edək ki, ötən dövr ərzində, Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verib. Bu, bir daha sübut edir ki, Prezident İlham Əliyevin fəaliyyətində əhalinin sosial rifahının əsas yer tutur.

Qısqanclıqla qarşılanan həqiqətlər...

Göründüyü kimi, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq, bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə və onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada, bir sıra müxalifət funksionerləri və mətbuatı dövlət başçısının bu uğurlu islahatlarını öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Əgər ölkəmizdə son 16 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq, bu iddianın düzgün olmadığını görmüş olarıq. Bu baxımdan, elementar bir müqayisəni vermək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edirdisə, Ermənistanın dövlət büdcəsi isə, 2,5 milyard dollar idi. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4,8 milyard dollardır. Bu da, ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur.
Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir və qətiyyətlə bildirmək olar Prezident İlham Əliyevin yürütdüyü kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.
Beləliklə, bütün bunlar o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə