Dövlətin güclənməsində vətəndaşın rolu nədən ibarət olmalıdır?


Azərbaycan dövləti bu ilin əvvəlindən başlayaraq, dünyanın heç bir ölkəsində analoqu olmayan sosial paketlər qoydu ortaya. Bu günlərdə vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilmiş növbəti Sərəncamın Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması isə, bir daha onu deməyə əsas verir k, iqtidarın bu yöndə siyasi xətti qətiyyətlidir, dönməzdir və cəmiyyəin bütün təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş bu sərəncamlar, heç şübhəsiz, Azərbaycan insanının, hər bir ölkə sakininin rifahının yaxşılaşdırılmasına hesablanmış tarixi addımlardır. Özünü müxalifət adlandırıb, əslində, siyasi bizneslə məşğul olanların bir ildə dövlət büdcəsindən milyardlarla manatın cəmiyyətə ötürülməsi kimi riskli, həm də qətiyyətli addıma hansı don geyindirməyə çalışmasından asılı olmayaraq, ölkə başçısının bu addımı hər bir Azərbaycan ailəsində, hər bir vətəndaşın həyatında yaxşılığa doğru ciddi dəyişikliklərlə müşahidə olunmaqdadır. Bu, hər kəsə məlumdur və əlavə şərhə ehtiyacı olmayan faktdır. Məni bir vətəndaş olaraq maraqlandıran isə, məsələnin başqa tərəfidir.
Bütün ölkələrdə narazı insanlar var. Bu narazı insanlar (siyasi məqsədli təşkilatların təmsilçiləri istisna olmaqla), əsasən, iki yerə bölünür. Birincisi, hakimiyyətdən vəzifə ala bilməyən və ya verilən vəzifənin öhdəsindən gələ bilməyib, kənarlaşdırılanlardır. İkincisi isə, el arasında tənbəl adlandırdığımız bacarıqsız, rahat həyat arzusu ilə yaşayan, lakin bu rahat həyatı qurmaq üçün heç bir fəaliyyət göstərməyənlərdir. Bu tip insanlar oturub ancaq dövlətdən umurlar, necə olur-olsun, dövlət onun bütün ehtiyaclarını qarşılamağa borclu olduğu fikri ilə yaşayırlar ki, bu da sovet rejimindən bizə qalan psixoloji məqamlarla bağlı miraslardandır. Birincilər haqqında danışmağa lüzum görmürəm. Çünki onlara, el arasında deyildiyi kimi, dövlət "beş barmağı bal edib" versə də, ağzından geri çəkən kimi deyəcək ki, mənə zəhər verdi. Əslində özünü müxalifət adlandıran qüvvələrin yan-yörəsinə yığışanların böyük, həm də çox böyük bir hissəsi, məhz həmin insanlardır ki, onlar heç vaxt, heç bir halda, cəmiyyətin xeyrinə atılan hər hansı addımı təqdir etməyəcəklər. Çünki maraqları cəmiyyətin inkişafında deyil, əksinə, problemlərin yaranmasında, narazıların sayının artmasındadır.
İkincilər isə, bir az oturub papaqlarını qarşılarına qoyub, düşünməlidirlər. Dünyanın bütün sivil ölkələrində, hər bir sivil vətəndaş ölkəsinə, dövlətinə daha çox xeyir verməyə çalışır, nəinki dövlətdən daha çox mənfəət götürməyə. Dünyanın saysız- hesabsız böyük mütəfəkkirləri ailəni kiçik dövlət adlandırıblar. Deməli, hər bir vətəndaş da, qarşılıqlı olaraq, dövləti böyük bir ailə hesab etməlidir. Ailədə övlad böyüyüb, həddi-büluğa çatandan sonra, ailə başçısı onu tədricən müstəqil həyata hazırlayır ki, bu həyatın da əsas prinsipi qazanmaq, ailə büdcəsinə kömək etməklə başlayır. Bu, hər bir ailənin keçdiyi yoldur və ailələrin hər birinin bu yolu keçməsi labüddür. Əks-təqdirdə, gəncdə arxayınçılıq yarana, meşşan həyata meyillilik arta bilər ki, bu da həmin gəncin şəxsiyyət kimi formalaşmasına imkan vermir və gələcək problemlər üçün münbit şərait yaradır.
Nəticədə, ələbaxımlıq, daim kimlərinsə hesabına yaşamaq kimi sindromlar baş qaldırır. Eyni durum dövlət və dövlətçilik anlayışında da əsas prinsiplərdəndir və lazımdır ki, hər bir vətəndaş (böyük mənada, ailənin hər bir üzvü) bu prinsipi yaşam prinsipi olaraq qəbul etsin. Yəni ölkədə yaranan şəraitdən faydalanaraq, özünün biznesini (bacarığa görə iri və ya kiçik biznes, fərq etməz) qurmağa, qazanmağa, qazancından dövlətin qüdrətlənməsinə dəstək verməyə, bunu bacarmayanlar ölkədə yaranan iş yerlərində xaricdən gəlib işləyənləri əvəz etməyə, fiziki və ya zehni əməklə məşğul olub həm özünün kiçik ailəsinin daha yaxşı dolanmasına,həm də böyük ailəsinin daha da güclənməsinə yardım etməlidir. Nəzərə alsaq ki, təhsil, mədəniyyət, səhiyyə, ekoloji problemlərin həlli, yol infrastrukturunun yenilənməsi, həm paytaxtın, həm də regionların yenidən qurulması və s. ilə yanaşı, müharibə şəraitində olduğu üçün hərbi qüdrətini daim inkişaf etdirmək, hərbi müdaxilə nəticəsində, ev-eşiyindən didərgin düşmüş bir milyondan artıq insanın problemlərinin həllinə çalışmaq, nəhayət, zorla sürükləndiyimiz müharibə nəticəsində, ölkədə on minlərlə şəhid ailəsinin, əlillərin, digər ehtiyaclı təbəqələrin də normal yaşayışını təmin etmək yükü dövlətin üzərindədir, o zaman hər birimizin dövlətin iqtisadi gücünün artmasında nə qədər məsuliyyət daşıdığımızı anlayarıq.
Məncə, mövzu ilə bağlı geniş diskussiya açmağa dəyər. Çünki dövlətin daha güclü olması, hər birimizin gələcəyinin qarantı olduğu kimi, onun güclənməsinə dəstək də hər birimizin vətəndaşlıq borcumuzdur.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...