"Ermənistanın çabalamaları diqqətdən kənarda qala bilməz" ÖZƏL-RƏY

"Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyan Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı F.Moqerini ilə görüşdə Ermənistan-Aİ münasibətlərinin bütün spektrlərini müzakirə etdi. Təbii ki, Ermənistan-Aİ münasibətlərinin bütün spektrində baş verənlər Azərbaycan üçün maraqlıdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın çabalamaları diqqətdən kənarda qala bilməz: "Ermənistanın vurnuxmalarında baş verən yeniliklərin heç birisi Azərbaycan üçün cüzi də olsa təhlükə yaradacaq həddə deyil. Bütün bunlara baxmayaraq biz bu məsələlərə diqqət yetiririk. Aİ-nin Ermənistanla münasibətlərində Dağlıq Qarabağ mövzusu xüsusi olaraq diqqətimizdədir və səbəbləri də bəllidir. F.Moqerininin Z.Mnatsakanyanla son görüşündə Aİ-nin rəsmi mövqeyində həm yenilik, həm də artım var. F.Moqerininin fikrincə:

I. Münaqişə təcili siyasi həll tələb edir. “Təcili” sözünü də zəruri edən amillər var. Qoşunların təmas xəttində hərbi gərginlik artır və hərbi gərginliyin də artmasının əsas səbəbi Ermənistandır.

II. ATƏT MQ və Aİ-nin xüsusi nümayəndəsinin vasitəçilik missiyasına və təkliflərinə Aİ dəstək vəd verir. F.Moqerini Aİ-nin xüsusi təmsilçisi T.Klaarın gördüyü işi ATƏT MQ həmsədrlərinin gördüyü işə təxminən bərabər tutur.

III. Tərəflərdən atəşkəs rejiminə qətiyyətlə əməl olunması tələb olunur. Bu standart ifadədir, amma F.Moqerininin fikirlərindəki diplomatik çalar ER Müdafiə naziri D.Tonoyanın Azərbaycan Respublikasının mayoru və əsgərini şəhid edən erməni hərbçilərini mükafatlandırmasını əhatə edir.

IV. Dağlıq Qarabağ tənzimlənməsi ilə substantiv, yəni mahiyyət üzrə məşğul olunmalıdır. “Substantiv mahiyyət”, “substantiv danışıqlar” Azərbaycana məxsus anlayışlardır. Ermənilər bu anlayışdan qaçır, Moqerini obyektivliyin tərəfində olduğunu göstərir. Ermənistan danışıqların yalnız imitasiyasında maraqlıdır. N.Paşinyan Rusiya jurnalistləri ilə görüşündə Ermənistanın danışıqları sürətləndirməyəcəyini açıq şəkildə bəyan etdi.

V. Aİ parçalanmanın aradan qaldırılmasına və əhalinin sülhə hazırlanmasına yönəli tədbirləri dəstəkləməyə hazırdır. “Parçalanmanın aradan qaldırılması” Dağlıq Qarabağ regionunun daxilinə aid məsələdir. Ermənistan və Azərbaycan Respublikası cəmiyyətləri həmişə ayrı, müstəqil cəmiyyətlər olub. Onların indi də ayrılıqda olması normaldır. Amma vaxtilə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları bir cəmiyyət kimi mövcud olublar. “Parçalanma” dedikdə Dağlıq Qarabağın 2 icmaya parçalanması nəzərdə tutulub və F.Moqerini Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasındakı parçalanmanın aradan qaldırılmasına dəstəkdən danışır.

Məsələnin daha maraqlı tərəfi var: Ermənistan mətbuatı, o cümlədən Ermənistanın Xarici İşlər Nazirliyi Moqerini-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsindəki bu təfərrüatları işıqlandırmadılar.

Ermənilər yeni düşüncəli siyasi hakimiyyəti formalaşdırdıqlarını iddia edirlər. Buna baxmayaraq N.Paşinyan və Z.Mnatsakanyan hökuməti də hələki yalanı ən vacib silah hesab edirlər. Odlu silah onların bu “yalan silahını” sıradan çıxara biləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə