"Əmək haqqlarının artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq” RƏY - ÖZƏL

“2019-cu ilin sürətli iqtisadi artım ili olacağı əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilən sosial paketin yeni mərhələsi başladıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur: “Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Xatırladım ki, minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühavizə orqanlarında çalışanların və s. əmək haqqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq”.

T.Mirkişili qeyd edib ki, ölkədə inflylasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq: “Bütövlükdə Azərbaycan Prezidentinin sərəncamları ilə əmək haqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artıracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə