Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlandı ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkədə minimum əməkhaqqı sentyabr ayının birindən 250 manat oldu. Yada salım ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı. Beləliklə, ilin əvvəlindən Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu”. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bundan başqa cənab Prezidentin elə indicə imzaladığı sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərin əmək haqqı 40 faiz artırılıb: “Əmək haqqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir. Bu faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Maaş artımı Azərbaycan üzrə orta əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq. Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəsini konkret olaraq göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə