Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib

Bu gün Brüsseldə keçirilən QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda Azərbaycan tərəfi Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki qurumun üzvü olan və hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən Bolqarıstan və Avropa İttifaqında sədrlik edən Rumıniyanın birgə təşəbbüsü əsasında keçirilən bu tədbirdə çıxış zamanı M.Məmməd-Quliyev Azərbaycanın həm QDİƏT-in üzvü olaraq, həm də Aİ ilə tərəfdaşlığı inkişaf etdirərək bu məkanda əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

O, Azərbaycanın QDİƏT-də başa vurduğu sədrliyinin təcrübəsinə istinad edərək, regional bağlılığın təşviqi, eləcə də nəqliyyat, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlıq sayəsində Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirilməsi üçün çalışdığını vurğulayıb.

M.Məmməd-Quliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin zəngin potensialından tam şəkildə faydalanmaq üçün əngəllər törətdiyini xüsusilə diqqətə çatdırıb.

Nazir müavini QDİƏT ölkələri üçün Aİ ilə əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin prioritet olduğunu bildirib, bu istiqamətdə əlaqələndirilmiş fəaliyyətin vacibliyindən bəhs edib. Bu mənada, o, Azərbaycanın həm QDİƏT, həm də Aİ istiqamətində səylərini artıraraq bölgəyə sülh, sabitlik və inkişafın gətirilməsinə çalışacağını bildirib.

Eyni zamanda, Azərbaycan rəsmisi QDİƏT-Aİ əməkdaşlığının davamlılığına diqqət yetirərək, bu əməkdaşlığın konkret proqramlar və fəaliyyət planları əsasında daha strukturlaşmış şəkildə davam etdirilməsinin önəmini vurğulayıb. Hazırda daha çox vaxtaşırı xüsusiyyət daşıyan və Aİ üzv ölkəsinin QDİƏT-də sədrliyinə təsadüf edən canlanma təəssüratının gələcəkdə dayanıqlı əməkdaşlıq formatında həyata keçirilməsi vacib məsələ kimi tədbir iştirakçıları qarşısında qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə