"Ölkəmiz anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir" RƏY-ÖZƏL

“Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi olduqca təqdirəlayiq haldır. Bu onu göstərir ki, artıq Fransa məhkəmələri bu sahədə ədalətli mövqe tutmağa başlayıblar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Fransanın Cənubi Qafqazda mühüm tərəfdaş hesab etdiyi Azərbaycanla əlaqələrinin yaxşılaşması, ölkəmizin ictimai rəyi arasında nüfuzunun yüksəlməsi üçün məhkəmənin bu doğru, ədalətli qərarı mühüm presedent ola bilər.

Politoloqun sözlərinə görə, bu, Fransanın həmsədr kimi nüfuzunu artıra, ona münasibətdə Azərbaycan xalqı arasındakı itirilmiş etimadı azca da olsa, bərpa edə bilər.

N. Məmmədova həmçinin söyləyib ki, Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb: “Artıq onların özləri də etiraf edir ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir”.

Politoloq əlavə edib ki, Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir: “Son illər Azərbaycanla Fransa arasında siyasi və iqtisadi əlaqələrini güclənməsi Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə