Fransa məhkəmələrinin qərarları yalnız erməniləri pəjmürdə etmir ANALITIK

Məyus olanlar içində adlarını “müxalifətçi” qoyub, radikalizm, qeyri-sabitlik, xəyanət, milli və dövlətçilik maraqlarını satmaq kimi əməlləri ilə “ad çıxarmış” saxta liderlər və xaricdəki söyüş müxalifəti də var

Fransanın son zamanlar Ermənistanın işğalçılıq siyasətinə qarşı, xüsusilə qondarma “DQR”in separatçı rejimini məyus edən qərarlar verməsi bir sıra məqamları üzə çıxarır. Daha dəqiq desək, fransızların Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca, Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərməsi ilə yanaşı, həm də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı atılan addım olaraq göstərilə bilər.

Yəni bu kimi qərarlar beynəlxalq ictimaiyyətin separatçılıq meyllərini qınamasının növbəti açıq təzahürüdür. Əgər yaxınlarda separatçılığa məruz qalmış digər bir sıra ölkələrlə bağlı bənzər məhkəmə qərarları çıxarılarsa, Fransanın mövcud qərarları bütün bunlara təkanverici rolunu təqdim edir.

Xüsusilə erməni lobbisinin köklü mənbəyi sayılan ölkədə ləğv qərarlarının verilməsi həmin lobbinin zəifləməsinin göstəricisi, Azərbaycanın xarici diplomatiyasının uğuru kimi də qiymətləndirilə bilər

Digər tərəfdən, sözügedən xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə də zidd idi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı. Yəni bu amil ikili standartları, ədalətsizliyi daha çox qabardırdı. Xüsusilə erməni lobbisinin köklü mənbəyi sayılan bu ölkədə ləğv qərarlarının verilməsi həmin lobbinin zəifləməsinin göstəricisi olaraq da qiymətləndirilə bilər. Bildiyimiz kimi, bir çox millətçi erməni lobbilərinin dayaq mərkəzi Fransa olub. Hətta Dağlıq Qarabağ münaqişəsinin təməli də Fransadakı erməni lobbisinin “təklifi” ilə qoyulub, bu barədə fransız KİV-lərində ilk məqalələr çıxıb. Ümumiyyətlə, erməni işğalçılıq siyasətinin, separatçılıq toxumlarının Avropadakı beşiyinin Fransa olması kimsəyə sirr deyil. Bütün bunların qarşısını almaq üçün ciddi səylərə, ardıcıl işlər aparmağa ehtiyac var idi. Ona görə də, burada daha bir faktor Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu xarici diplomatiyasıdır ki, məhz həmin diplomatik səylər, aparılan ardıcıl işlər sayəsində Fransa məhkəmələri ədalətli qərarların verilməsində ədalətin yanında dayandılar.

Milli mənafelərdən dəm vurub, gündə sosial şəbəkələrdə canlı yayımlara çıxan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təəssübkeşliyin olmadığını göstərməklə yanaşı, başqa bir reallığı da üzə çıxarır – erməni lobbisini itirmək qorxusunu

Təəssüf ki, Azərbaycan iqtidarının, ölkə rəhbərliyinin ümummilli maraqlara söykənən qətiyyətli addımları və əldə edilən uğurlara məyus olanlar sadəcə ermənilər deyil. Məyus olanlar içində adlarını “müxalifətçi” qoyub, radikalizm, qeyri-sabitlik, xəyanət, milli və dövlətçilik maraqlarını satmaq kimi əməlləri ilə “ad çıxarmış” saxta liderlər və xaricdəki söyüş müxalifəti də var. Yalnız şəxsi mənfəətlərini güdərək, siyasi gödənlərini genəldən saxta liderlər nədənsə sözügedən qərarlarla bağlı hətta bir kəlmə də olsa fikir bildirmir, əksinə bu uğurlara kölgə salmaqdan ötrü hər vəchlə milli xəyanətkarlıq addımlarını davam etdirirlər. Əslində, burada təəccüblü heç nə yoxdur. Daha doğrusu, aydın görünür ki Azərbaycanın milli maraqlarının qorunması nəinki saxtakar müxalifət liderlərinin, habelə onların xaricdəki söyüş müxalifətinin proqramına da daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin bu kimi ümummilli məsələlərdə susurlar. Söz yox ki, bu susqunluqların da səbəbləri var. Məsələn, xaricdə yaşayan və milli mənafelərdən dəm vurub, gündə sosial şəbəkələrdə canlı yayımlara çıxan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təəssübkeşliyin olmadığını göstərməklə yanaşı, başqa bir reallığı da üzə çıxarır – erməni lobbisini itirmək qorxusunu. Çünki dəfələrlə bir çox faktlar, sübutlar, dəlillər və yazılı isbatlamalardan da aydın görünüb ki, bu gün “millət”, “xalq” deyə bağıranların maliyyə donorlarının arxasında mütləq şəkildə erməni lobbisinə bağlı olan fərdlər, təşkilatlar dayanır. Bu fərdlər və təşkilatlar söz yox ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək göstərir, həmin dəstəklər içində Azərbaycandan olan xainlərdən, satqınlardan maksimum qaydada istifadə edilir. Sirr deyil ki, bir çox məsələlərdə Ermənistan KİV-lərində məhz Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət partiya “liderlərinin”, o cümlədən, xaricdəki “qrantoyedlərin” fikirləri yer alır. Bu isə bir daha aydın olaraq göstərir ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar və erməni mətbuatı bu vasitələrdən kifayət qədər istifadə edir. Belə olan halda, Fransa məhkəmələrinin ermənilərin maraqlarına cavab verməyən qərarlar çıxarması ermənilərlə yanaşı, milli xəyanətkar ünsürləri də pəjmürdə edir.

Qarşıda isə, gücü Azərbaycan diplomatiyası qarşısında onları daha ağır məğlubiyyətlər, məyusluqlar gözləyir. Necə deyərlər, buna bir balaca da şübhələri olmasın...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...