"Ümummilli lider Azərbaycan dövlətçiliyini xilas etdi" RƏY-ÖZƏL

“1990-cı illərin əvvəlində Azərbaycanda yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verir, şəxsi mənfəətlərinin əsirinə çevrilir, yaratdıqları başıpozuq silahlı dəstələrin gücünə güvənərək qeyri-qanuni əməllərlə məşğul olurdular. Problemlər məngənəsində olan gənc Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Daha doğrusu, düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqımızın yeganə ümidi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Ulu Öndər Heydər Əliyevin xalqın və respublikanın o vaxtki rəhbərliyinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldiyini xatırladan deputat söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi demək idi.

M. Xəlilov bildirib ki, Ümummilli lider qısa zamanda Öz tarixi missiyasını həyata keçirməyə başladı və Azərbaycan dövlətçiliyini xilas etdi: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa zamanda ölkədə sabitlik, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu”.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün mühüm əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə