“Sarsılmaz qardaşlıq” və sarsılan Ermənistan: hərbi təlimlərdən titrəyən düşmən

Ermənilər yeni bir təlaşa qapılıblar. Onlar iyun ayının 7-11-də Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini şərh edərkən absurd ifadələr işlədirlər. Açıq hiss edilir ki, iki qardaş ölkənin getdikcə daha da artan gücü qarşısında Ermənistan zavallı vəziyyətə düşür. Azərbaycan bütün sahələrdə inkişaf etdikcə, Ermənistan narahat olur və böhtanlar yağdırmağa girişir. Ayrıca, ordumuz hərbi gücünü nümayiş etdirəndə erməni tərəfi özünü itirir. "Sarsılmaz qardaşlıq" hərbi təlimlərinə də eyni reaksiya oldu. İş o yerə çatıb ki, Ermənistan rəhbərliyi Rusiyaya müraciət edərək türklərə hansısa cavab verməyin lazım olduğundan bəhs edib. Bu sırada Ermənistan-Yunanıstan-Kipr "sivil platforması" kimi absurd və mənasız bir ifadəni belə işlətməkdən utanmayıblar. Ermənistanın "sivilliyi" qətlə yetirilən günahsız insanların qanlarında yerini tutub. Ondan başqa ermənilərin "sivilliyi"ni sübut edən fakt yoxdur. Son olaraq Azərbaycanda təlim keçən zabitin alçaqcasına və qorxaqcasına qətlə yetirilməsi erməni "mədəniliyi", "sülhsevərliyi" və "sivilliyi"nin nümunəsidir. Əlbəttə, onların apatiyalarının səbəbi aydındır: Azərbaycan daha güclü olur və öz ərazi bütövlüyünü bərpa etməyə çox yaxındır. Bütün bunların fonunda regionun geosiyasi mənzərəsi üzərində geniş dayanmağa ehtiyac duyuruq.

"Yardım edin": rəsmi İrəvan kimə yalvardı?

Ermənistanın xarici siyasəti həmişə reallıqdan uzaq olub, qeyri-konstruktiv və əsassız prinsiplərə əsaslanıb. Son zamanlar bu tendensiya daha da güclənib. Nikol Paşinyanın özündən əvvəlki rəhbərlərdən fərqi daha da sözbaz olmasındadır. Onun fəaliyyəti ancaq sözlərdən ibarətdir. Onların heç birinin yerinə yetirilmədiyi də göz qabağındadır. Məsələn, ölkədə heç bir real iqtisadi islahat aparılmır. Xaricdən sərmayə sıfır səviyyəsindədir. Korrupsiya və vətənə xəyanət adı altında həbs etdiklərini Kreml bir işarə ilə azadlığa çıxarır. N.Paşinyan hirslənib bütün məhkəmə sistemini dəyişəcəyini deyir, lakin yenə də ağzına elə vururlar ki, indi Dilicanda "XXI əsr erməni əsridir" kimi absurd şüarla adamların başını qatır.

Xarici siyasətdə Dağlıq Qarabağdakı terrorçu-separatçıları danışıqlar prosesinə qoşmaq kimi əsassız bir iddia ilə özünü ortaya atdı. ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla hər kəs qarşısını kəsdi. Bir sıra ölkələrə səfər edən N.Paşinyan sözdən başqa bir şey gətirə bilmədi. İndi də Dağlıq Qarabağla bağlı yeni söz oyununa başlayıblar.

Öncə onu vurğulayaq ki, ermənilər müxtəlif istiqamətlərdə Azərbaycan üçün problemlər yaratmağa cəhdlər göstərdilər. Gürcüstanda "Keşikçidağ" məbədi ilə bağlı qaldırılan hay-küy də təsadüfi deyildi. Sonra Türkiyəyə qarşı Avropada müəyyən cəhdlər edildi. Hətta İstanbulun adını dəyişməkdən belə danışdılar, öz bayraqlarının şəklini müxtəlif plakatlara çəkdilər. Ankara elə sərt cavab verdi ki, bunların heç birindən əsər-əlamət qalmadı. Ondan sonra Bakıda futbol matçı haqqında mənasız iddialar ortaya atmağa çalışdılar. Azərbaycan bu informasiya təxribatını da yerlə-yeksan etdi. Rəsmi Bakı ona qarşı aparılan informasiya təxribatlarının fərqində olduğunu açıq bəyan etdi. Bütün bunlar ermənilərin nə dərəcədə primitiv və aciz olduqlarını aydın göstərir. Bundan əlavə, Ermənistandan fərqli olaraq, Azərbaycan konkret əməli addımları ilə real tərəqqidə olduğunu nümayiş etdirməkdədir.

Bu, "Sarsılmaz qardaşlıq-2019" hərbi təlimlərinin fonunda daha aydın özünü büruzə verir. Təlimlərdə iki qardaş ölkənin hərbçiləri koordinasiyalı, peşəkar və yüksək əhval-ruhiyyədə hərəkət edə biləcəklərini nümayiş etdirdilər. Bunlara erməni "ekspertləri" elə çaşqın reaksiya verdilər ki, hətta Amerika, İran və Rusiyanı belə ortaya qatmağa çalışdılar, iki türk dövlətinin İranla yaxınlıq edərək regionda Qərbə ziyan verəcəyi haqqında əsassız iddia irəli sürdülər. Amma hamı yaxşı bilir ki, İran-Ermənistan münasibətləri necədir və kim kiminlə hansı oyunu aparır.

Burada əlbəttə ki, erməniləri qorxuya salan əsas olaraq Azərbaycanın sürətli inkişafı və hərbi sahədə Türkiyə ilə əməkdaşlığı dərinləşdirməsidir. Lakin hamıya aydındır ki, bu prosesi Azərbaycan ancaq özünümüdafiə imkanlarını artırmaq, ərazi bütövlüyünü bərpa etmək və regionda sabitliyi qorumaq naminə edir. Onun kimsənin torpağında gözü yoxdur. Əksinə, Azərbaycan torpaqlarında gözü olan naqislərin əl-ayağını kəsməyə çalışır.

Regiona təhlükə: atılan güllələrin geosiyasi əks-sədası

Ermənistan bütün bu proseslərdən o qədər ehtiyat edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları dalana dirəmək metodundan əl çəkmir. Həmsədrlərin regiona səfəri zamanı Azərbaycan zabitinin qətlə yetirilməsi bunu təsdiq edən faktlardandır. Daha sonra isə Ermənistanın müdafiə naziri David Tonoyan həyasızcasına azərbaycanlı əsgəri şəhid edən erməni silahlı quldurlarını təltif etdiyini bəyanlayır. Və bu kimi vəhşi hərəkətlər bir sıra erməni ekspertlərinin Ermənistan-Yunanıstan-Kipr "sivil platforması" haqqında sayıqlamaları fonunda baş verir. Deməli, onlar sağlam düşüncəni o dərəcədə itiriblər ki, atdıqları addımların bir-birinə uyğun olub-olmamasını hesablaya bilmirlər. Əslində, erməni siyasi-ideoloji şüuru həmişə bu cür ziddiyyətlərlə dolu olub.

Ermənistan rəhbərliyinin ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinə bu cür reaksiya verməsi onu göstərir ki, rəsmi İrəvan danışıqların davam etməsində və konkret addımlar atılmasında maraqlı deyil. Bu, indiki erməni hakimiyyətinin əsl simasını açdı. Görünür, Ermənistan və havadarları vəziyyəti qeyri-müəyyənlikdə saxlamaqdan başqa yol görmürlər. Çünki bütün arqumentlər Azərbaycanın haqlı olduğunu göstərir.

Ermənistanın bu mövqeyi regionda kifayət qədər təhlükəli vəziyyət yarada bilər. Burada müharibə riski artır. Ekspertlər hesab edirlər ki, hansısa məqamda regionda hərbi əməliyyatlar başlaya bilər. Sirr deyil ki, Cənubi Qafqazın qarışmasında maraqlı olan siyasi-hərbi dairələr də mövcuddur. Onları daha çox Azərbaycandakı sabitlik və inkişaf narahat edir. Bütün regional layihələr Azərbaycanla bağlıdır. Ermənistan isə təcrid vəziyyətindədir. Belə çıxır ki, suyun bulandırılması daha çox Azərbaycanın iştirak etdiyi layihələrə ziyan vura bilər.

Lakin məhz Azərbaycan təcavüzə məruz qalıb. Onun ərazisinin 20 faizi işğal altındadır. Ölkənin ərazi bütövlüyü mütləq bərpa olunmalıdır. Və bunun qarşısını heç bir güc və ya şərtlər kəsə bilməz. Bu səbəbdən münaqişənin danışıqlar yolu ilə ədalətli həllində böyük güclərin də marağı olmalıdır.

Əlbəttə, Ermənistanın regionda geosiyasi mənzərəni qeyri-müəyyənliyə salmasının qarşısını asanlıqla almaq olar. Bunun üçün Minsk qrupunun həmsədrlərinin Ermənistandan qəbul edilən sənədlərin müddəalarına əməl etməsi tələbini qəti qoyması kifayətdir. Lakin həmsədrlər nəinki bunu edirlər, hətta müxtəlif üsullarla təcavüzkara dəstək belə verirlər. Təəssüf ki, bu, faktdır və vəziyyət hələ də hiss ediləcək dərəcədə dəyişməyib. O halda deyə bilərik ki, regionda münaqişələrlə bağlı geosiyasi vəziyyətin qeyri-müəyyən olmasında Ermənistanla yanaşı, həmsədrlərin fəaliyyətinin səmərəsizliyi də rol oynayır.

Bu məqamın regiondakı duruma təsiri isə daha çox dərəcədə mənfi ola bilər. Çünki qlobal miqyasda geosiyasi güc mərkəzlərinin qarşıdurması daha da kəskinləşib. Hər şeydən əvvəl ABŞ-Rusiya münasibətləri xeyli gərgindir. Onlar dünyanın müxtəlif regionlarında sərt şəkildə mübarizə aparırlar. Hətta silah tətbiqindən belə çəkinmirlər. Digər riskli faktor ABŞ-İran münasibətləri ilə bağlıdır. Bu məqam hazırda daha təhlükəli görünür. Amerika ilə İran bir-birinə hərbi güc tətbiq etməkdən bəhs edirlər. Eyni zamanda, İranda daxili sosial-iqtisadi vəziyyət son dərəcə ağırlaşıb. Orada etiraz dalğası getdikcə artır. Əgər İranda sabitlik pozulsa, onda ətraf ölkələrə onun mənfi təsiri özünü göstərə bilər. O halda Azərbaycana qarşı da təxribatların törədilməsi cəhdləri istisna edilmir.

Onu da vurğulayaq ki, ABŞ-Avropa münasibətləri də ciddi risklərlə xarakterizə olunur. Ayrıca, Vaşinqton-Paris xəttində mövcud olan gərginliklər məlumdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bunun nə dərəcədə əks olunacağı hələ məlum deyil. Burada Ukrayna məsələsində ABŞ-Aİ-Rusiya "üçbucağı"nda özünü göstərən təhlükələri də unutmaq olmaz.

Bütün bu müqayisələr onu göstərir ki, bir sıra böyük dövlətlər arasındakı gərgin münasibət Ermənistandan qaynaqlanan risklərlə birgə Cənubi Qafqazı yeni risk zonasına ata bilər. Bundan ancaq region dövlətlərinin zərər görəcəyini düşünmək sadəlövhlükdür. Əksinə, proses zəncirvarı olaraq daha geniş məkana yayıla bilər. Bunun proqnozlaşdırılması elə də çətin məsələ deyil. Ancaq, deyəsən, müəyyən dairələrə elə bu cür gedişat sərf edir. Ona da şübhə yoxdur ki, həmin vəziyyət heç bir xalqa sərf etmir!

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə