Ermənilər etiraf edirlər və təlaşları altında əzilirlər ANALITIK

Armenianreport: “Günahkar bəllidir, biz onu öz əllərimizlə hakimiyyətə gətirdik”

“Belə bir təəssürat yaranır ki, ABŞ ümumiyyətlə Ermənistanı onları maraqlandıran ölkə kimi görmürlər. Halbuki, hər şey belə olmaya da bilərdi”. SİA xəbər verir ki, bu fikirlər Ermənistanın aparıcı siyasi-ictimai saytı – “armenianreport”da qeyd olunub. Səbəbi isə bəllidir – Ermənistan işğalçılıq siyasətini davam etdirirsə, ölkənin daxilində siyasi-iqtisadi böhran çözülmürsə, hətta Qərbin dəstəyi ilə “məxməri inqilab” adı altında hakimiyyət dəyişdirilirsə, həmin ölkə yerində addımlamağa davam edəcək, hətta böyük sürətlə geriyə addımlayacaq.

“Hara fırlatsaq da, Birləşmiş Ştatlar həqiqətən də son zamanlar Azərbaycana yüksək diqqət ayırır”

Bu gün Ermənistanı təlaşlandıran daha bir məsələ Azərbaycanın Ordu potensialının güclənməsi və ardıcıl şəkildə, həmçinin müharibə şəraitinə yaxın hərbi təlimlər keçirməsidir. Xüsusilə Naxçıvanda qardaş Türkiyə ilə baş tutan hərbi təlimlər işğalçıları özündən çıxarır, onların “ağıllı” hərbi-siyasi analitikləri mümkün olmayan utopik xəyallara dalır, guya Azərbaycanı qorxuda biləcək “analitik proqnozlar” verib, bununla işlərini bitmiş hesab edirlər. Təbii ki, erməni tərəfi istər hərbi, istər diplomatiya, istər iqtisadi baxımdan Azərbaycandan kifayət qədər geri qalır və bu xüsusda onları təlaşlandıran növbəti məsələ Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və həmin səfəri çərçivəsində Amerikanın müvafiq dövlət qurumlarında keçirdiyi görüşləri, xüsusilə erməni lobbisi qarşısında ölkəmizin qətiyyətli mövqeyini ortaya qoymasıdır.

Bu xüsusda adıçəkilən erməni saytının analitik bölümündə yazılır. SİTAT: “...Bütün bunlara baxmayaraq, düşmənin (ermənilər burada Azərbaycanı nəzərdə tuturlar-R.N.) nə etdiyinə bütünlüklə etinasız yanaşmaq olmaz. Xüsusilə diplomatiya xəttində. Bu mənada, xoş olmayan xəbər budur ki, bu günlərdə Azərbaycanın hökumət nümayəndəliyi ABŞ-da olub. Bakı mətbuatının məlumatlarına görə, Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevbu həftənin əvvəlində ABŞ-ın paytaxtına gedib ki, ölkəsinin hazırkı xarici siyasət təşəbbüsləri barədə daınşsın, Qafqaz regionunda qonşuları və Qərbdəki partnyorları ilə əməkdaşlıq məsələlərindəki planlarını izah etsin. Başqa fərqli vaxtlarda biz Azərbaycan tərəfinin özünü ABŞ-ın partnyoru kimi təqdim etməsi cəhdlərinə gülərdik. Ancaq burada həmin hadisə baş verməyib. Hara fırlatsaq da, Birləşmiş Ştatlar həqiqətən də son zamanlar Azərbaycana yüksək diqqət ayırır. Avropa bazarında rus qazına alternativ olacaq Azərbaycan qazından istifadə etmək, həm də gələcəkdə baş verməsi mümkün görünən İranla müharibə üçün...”

Göründüyü kimi, ermənilər nə qədər ağılsız olsalar da, müəyyən dərəcədə bir sıra reallıqları qəbul etmək məcburiyyətində qalırlar və...

“Bu mümkünlük əldən verildi və baş nazir Nikol Paşinyanın tənqidçilərinin onun diletatnt olması barədə fikirlərini daha çox səsləndirmələrinə şərait yaratdı”

Və onu da etiraf etmək məcburiyyətində qalırlar ki, Ermənistanın istər indiki, istərsə də əvvəlki iqtidarları naşı, uğursuz və ümumiyyətlə, səriştəsizdirlər.

Keçək digər sitata: “Təəssüf ki, bizim ölkənin hazırkı rəhbərliyi şəxsi məsələlərinə, opponentləri ilə razborkalarına o qədər vaxt ayırıblar ki, amerikalıların İranla mümkün və qaçınılmaz müharibəsi məsələsində Ermənistan üçün ən yaxşı mümkünlüyü əldən veriblər. Halbuki, səriştəli yanaşma olardısa, bütün güc balanslarını bizim regionda toplamaq mümkünlüyü əldə edilərdi. Lakin bu mümkünlük əldən verildi və baş nazir Nikol Paşinyanın tənqidçilərinin onun diletatnt olması barədə fikirlərini daha çox səsləndirmələrinə şərait yaratdı.”

Yeri gəlmişkən, bildiyimiz kimi, İran Ermənistan üçün yeganə nəfəs borusudur və maraqlısı da budur ki, Ermənistan ABŞ-la yaxınlaşmaq üçün onu ayaqda saxlayan İranın amerikalılar tərəfindən vurulmasına belə razıdır. Bax, burada erməni məkrinin, xəyanətinin növbəti izləri “armenianreport”un sözügedən yazısında açıq-aydın görünür...

Beləliklə, ermənilər xarici diplomatiyada nə qədər zəif, uğursuz olduqlarını etiraf edirlər. Ancaq bu etiraflar tükənmir. Misal üçün, sözügedən təhlildə yazılır: “Olanların təhlilini apararkən, biz etiraflarımızı etməyə məcbur qalırıq. Hikmət Hacıyevin bəyanatından görünür ki, Azərbaycanın Çinlə, ABŞ-la, Avropa İttifaqı ilə yaxşı münasibətləri var...”

Azərbaycanın ABŞ-la, Çinlə, İsraillə, Rusiya və Belorusla, Qazaxıstanla, Gürcüstanla, Avropa İttifaqı ilə çoxşaxəli münbit diplomatik və hərbi-siyasi əlaqələri Ermənistanın yuxusunu ərşə çəkib

Ermənilər Azərbaycanın bu vasitələrlə Ermənistana basqılarını davam edəcəyini qorxaraq etiraf edirlər. “Bundan əlavə, Azərbaycan Rusiya, Qazaxıstan və Belorusla da sıx əlaqələr qurmağa nail olub ki, bu ölkələr bizim KTMT-də və Avrasiya İqtisadi İttifaqında müttəfiqlərimizdirlər. Üstəgəl, biz görürük ki, Qəbələdə hazırda nə baş verir. Gürcüstanın müdafiə naziri Levan İzoriya orada özünün azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli görüş keçirib və müdafiə sferasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıb. İzoriya Qəbələyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən ənənəvi üçtərəfli görüş üçün gedib. Gördüyümüz kimi, Azərbaycan tərəfi bütün istiqamətlərdə fəallıq göstərir. Onu da unutmuruq ki, Bakı və Tel-Əviv Azərbaycan və İsrail arasında vacib münasibətlər barədə danışmağı xoşlayırlar. Xüsusilə, yeni İsrail silahlarının əldə edilməsi sferasında”.

Azərbaycanın bütün sahələrdə - istər regional, istərsə də beynəlxalq siyasi kontekstlər baxımından uğurlar əldə etməsi məhz bu səbəblərdən erməniləri kəskin şəkildə narahat edir. Bu baxımdan yazırlar ki, onların yeni hakimiyyəti bütün bunların qarşısını almağı bacarmadı. “İsrailə nəhəng təsirlərə malik ABŞ da silah satışına mane olmur” ifadəsini də yazan erməni saytı burada növbəti həyasızlıq şakərini ortaya qoyur. Məsələn, Rusiyanın, Belorusun da Azərbaycana silah satması məsələsindən təlaşlanma göz önündədir.

“Əgər bu mövcud hakimiyyətin siyasətinin süqutu deyilsə, bəs nədir?”

Nəticədə suallar yaranır. Yəni ermənilər özləri-özlərinə və rəhbərliklərinə suallar ünvanlayırlar: “Əgər bu mövcud hakimiyyətin siyasətinin süqutu deyilsə, bəs nədir? Axı Paşinyan həqiqətən də bir ildən artıqdır ki, ABŞ-ın dövlət katibi ilə görüşə bilmir. Bizim digər dövlət adamlarımızın səfərləri və onların nəticələri də bizi qəmgin edir, kədərləndirir. Belə təəssürat yaranır ki, ABŞ ümumiyyətlə, Ermənistanı öz maraqları çərçivəsində görmür”.

“Görünür biz Fransanı da itiririk”

Daha bir fakt isə Fransa məhkəmələrinin qondarma “DQR”lə bağlı qəbul etdikləri qərarlarıdır. SİTAT: “Burada yeni arzuolunmaz hadisələr yaranır. Bugünlərdə fransız hakimləri bir sıra Fransa şəhərlərinin “Artsax” məntəqələri ilə memorandumlarını ləğv edirlər. Bu, Ermənistan üçün çox pis siqnaldır. Görünür biz Fransanı da itiririk. Bu itkilər çox deyilmi? Ən əsası isə, hər kəsə aydındır ki, günahkar kimdir. Bu o kəsdir ki, onu biz öz əllərimizlə hakimiyyətə gətirmişik”

Nəticə ortadadır və bu nəticəni düşmən etiraf edir. Qorxur, təlaşlanır və uduzur. Bu etiraf güclü Azərbaycan qarşısında diz çökmək reallığını da tam məntiqi ilə ortaya qoyur!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə