Binəqədi rayonunda "Qurtuluşdan tərəqqiyə" adlı tədbir keçirilib

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Bakı Şəhər Təhsil İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü və Heydər Əliyev dərslərinin yekunu ilə bağlı "Qurtuluşdan tərəqqiyə" adlı tədbir keçirilib. Tədbirdən öncə, iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə, Heydər Əliyev dərslərinin silsilə tədbirlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Heydər Əliyev dəsrlərinin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib. R. Göyüşovun sözlərinə görə, Heydər Əliyev dərsləri artıq altıncı ildir ki, keçirilir: "Bu il dərslərin formatında bir qədər dəyişikliklər edilərək, mühazirələrə ictimai-siyasi xadimlərin, eləcə də, idarəetmədə təcrübəsi olan şəxslər cəlb edilib.
Tədbirdə Bakı şəhər Təhsil İdarəsinin müdir müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Əsgərov geniş məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev böyük idarəçilik və siyasi məktəbdir: "Ulu Öndər təkcə Azərbaycanın deyil, türk dünyasının, Şərqin və bütün dünyanın sayılıb-seçilən dahilərindən biridir.
Tədbirdə Binəqədi rayonu 284 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nizami Novruzov, Binəqədi rayonu 99 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, Heydər Əliyev dərslərinin məruzəçisi Ruslan Məhiyev yüksək siyasi iradəsi olan Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Binəqədi rayonu 314 nömrəli tam orta ümumtəhsil məktəbinin11-ci sinif şagirdi, Heydər Əliyev dərslərinin iştirakçısı Səbinə Nəsibli də çıxışında Ulu Öndərə həsr etdiyi esse yazısını təqdim edib.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov müstəqil və müasir Azərbaycanın qurucusu və memarı, dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olduğunu bildirib.
V.İsmayılov qeyd edib ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsi daim araşdırılmalı, öyrənilməli və gənclərə çatdırılmalıdır.
Tədbirdə il ərzində Heydər Əliyev dərslərində iştirak edən ən fəal 32 şagird və bir məruzəçi müəllimin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə