Fransızlarla ermənilərin “dostluq xartiyaları” ləğv olunur! ANALITIK

Fransa məhkəmələri erməni işğalçılarını məyus etməkdə davam edəcəklər

Bu günlərdə Fransanın Qrenobl administrative məhkəməsi separatçı “DQR”lə bağlı “dostluq haqqında xartiyaların” daha dördünün ləğvi ilə bağlı qərar qəbul edib və bu faktoru istər işğalçı Ermənistana, istərsə də, separatçı rejimə kifayət qədər ağır zərbə kimi qiymətləndirmək olar. Daha dəqiq desək, işğal altında olan Dağlıq Qarabağdakı mövcud erməni yaşayış məntəqələri ilə Fransanın regionları və kommunaları arasında imzalanmış “dostluq xartiyası” qərarının ləğvi sübut edir ki, ədalətə qarşı nə qədər basqılar olsa belə, o sonda həmin basqıları ram edərək, önə çıxır.

Bu qərarlar Fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər

SİA xəbər verir ki, bu barədə armennews.com saytı da yazır və Fransa məhkəmələrinin bəlli qərarlarından ciddi təlaşın keçirildiyi necə deyərlər, göz önündədir.

Bir müddət öncə isə, Fransanın Vuaz departamentinin Arnuvill şəhər məkhəməsinin Dağlıq Qarabağın işğal altındakı Xocavənd rayonu ilə "Dostluq xartiyası" haqqında ləğv qərarını verməsi nəticə etibarı ilə ədalətsizlik, beynəlxalq hüquqa və konvensiyalara zidd olan buzların əriməsi təsirini bağışlamağa başlatdı ki, ümumilikdə verilən hər bir müvafiq qərarlar 29 may 2019-cu il tarixində Fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər.

Fransa kimi müəyyən tarixə malik olan Avropa ölkəsi gec, ya da tez sözügedən ədalətli qərarlara imza atmalı idi

Bu reallıq, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq nə işğalçı Ermənistan rejimi, nə də separatçı “DQR”in təmsilçiləri uzun illərə söykənən Fransa çətiri altında özlərini rahat hiss edə bilməzlər. Çünki faktlar ortadadır və həmin faktların əsasında bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğala məruz qalması barədə qətnamələr çıxarıblar. Əgər müvafiq qətnamələrə, konvensiyalara etinasız yanaşmalar olarsa, bu zaman həmin ölkələrin ciddi siyasi elitaya malik olması da şübhə altına düşə bilər. O cümlədən, Fransa kimi müəyyən tarixə malik olan Avropa ölkəsi gec, ya da tez sözügedən ədalətli qərarlara imza atmalı idi.

Ləğv olunmuş qərarlar eyni zamanda, Fransanın öz nüfuzuna xələl gətirməmək istəyində olduğunu nümayiş etdirməkdədir

Onu da nəzərə almaq lazımdır ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupunun həmsədr ölkələrindəndir və etiraf etməliyik ki, bu ölkə zaman-zaman ikili standartlardan çıxış edib, daha çox erməni tərəfinin mövqeyinə dəstəklər göstərib. Bu mənada, daha əvvəllər imzalanmış sözügedən xartiyaları göstərə bilərik. İndi isə, həmin xartiyalar ard-arda ləğv olunur və ləğv olunmuş qərarlar eyni zamanda, Fransanın öz nüfuzuna xələl gətirməmək istəyində olduğunu nümayiş etdirməkdədir. Yəqin ki, qoca qitənin aparıcı dövlətlərindən olan Fransanın digər inzibati məhkəmələri də müvafiq addımları atmaqla, erməni işğalçılarını məyus etməkdə davam edəcəklər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə