Bir gəncin gözü ilə Qurtuluş Günü...

"Bir gənc olaraq, Qurtuluş Gününün növbəti ildönümü ərəfəsində bütün məsuliyyətimlə, demək istəyirəm ki, biz Ulu Öndər Heydər Əliyevi yalnız xüsusi günlər ərəfəsində deyil, hər zaman sevgi, sayğı və dərin ehtiramla yad edirik". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib. O, qeyd edib ki, Ulu Öndər bizim xalqımıza, dövlətimizə xidmət nöqteyi-nəzərindən, yol göstəricimiz və mayakımızdır: "Onun bizə bəxş etdiyi müstəqil dövlətçilik dəyərlərini həm tarixin qızıl səhifələrində, həm də qəlbimizdə daim qoruyub-saxlayırıq. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixini bilməyən heç vaxt böyük xalq ola bilməz. Sosial şəbəkələrin verdiyi azadlığı anarxiya hesab edən siyasi karyerası bitmiş, arxivin tozlu rəflərində özünə yer etmiş bir qrup adam, öz şəxsi maraqları hesabına birləşdiklərini unudub, çox da uzaq tariximiz olmayan öz bərbad hakimiyyət dövrlərini insanların hafizələrindən silməyə və yalanlarla baş vermiş hadisələrə başqa donlar geydirməyə çalışır".

Azərbaycan xalqı müdrik xalqdır və güclü hafizəyə malikdir. Onun milli azadlıq və dövlətçilik dəyərlərinə xəyanət etmiş adamları öz qəlbindən silsə də, öz yaddaşında mənfi obraz olaraq saxlayır. Möhtərəm, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, AXC-Müsavat cütlüyünün hakimiyyəti Azərbaycanı uçuruma aparırdı. Onların dövlət-idarəetmə sahəsində olmayan təcrübələri bir çox sahədə, eyni zamanda da, yalnış kadr siyasəti ilə bağlı verdiyi qərarlar, əslində, layiq olmayan adamlara yüksək ad, dəyər, vəzifələr vermələri, son nəticədə, ciddi idarəetmə problemləri yaratmış, dövlət aparatını, demək olar ki, çökdürmüş, yeni qurulmaqda olan ordunun, nəinki hücum etmək, hətta müdafiə olunmaq qabiliyyətini yox səviyyəsinə endirmişdir.
Ə.Haqverdiyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin çıxışlarının birində, haqlı olaraq AXC-Müsavat cütlüyünü ən böyük xəyanətkar adlandıraraq, onların dövründə antimilli satqın hakimiyyətin Azərbaycanda hökm sürdüyünü vurğuladığını bildirdi: "Çox təəssüflər olsun ki, bu gün hələ də, o antimilli ünsürlərin qalıqları Azərbaycanda xarici qüvvələrin ölkəmizə qarşı siyasətlərini həyata keçirirlər. Xaricdən kukla kimi idarə olunan bu adamlar bəzən dövlətçilik dəyərlərini unudaraq, hətta Qurtuluş Gününün əhəmiyyətini belə anlamayacaq qədər özlərinin cahilliklərini nümayiş etdirirlər. Heç kimə sirr deyil ki, AXC-Müsavat cütlüyü o zamankı leqal hakimiyyəti çevriliş yolu ilə ələ keçirtmişdi. İstər döyüş bölgəsində, istərsə də paytaxtda hakimiyyət uğrunda gedən müharibə, son nəticədə, dövlət aparatının iflasına gətirib çıxarmışdır".
Yaxın tariximizə "4 iyun qiyamı" olaraq yazılan hadisələr toplusu, əslində, xalqın, dövlətin idarə olunmamasına və cinayətkar qrupların ölkənin müxtəlif bölgələrində etdikləri özbaşınalıqlarına kəskin münasibəti idi. "Dövlət aparatının çökməsi nəticəsində, hüquq-mühafizə orqanları və ordu funksiyasını yerinə yetirə bilmirdi" deyən Ə.Haqverdiyev heç bir hərbi savadı və hərbi xidməti olmadan polkovnik hərbi rütbəsi alan Surət Hüseynovun Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikası Prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edildiyini söylədi: "Surət Hüseynov o zamankı hakimiyyət tərəfindən o qədər azğınlaşdırılmışdır ki, o zamankı Prezidentə ultimatum göndərərək, bütün dövlət aparatı əməkdaşlarını Prezident aparatının qarşısında dar ağacından asacağını deyirdi. Yəni indiki müxalifətdə olan adamlar, o dövrün tör-töküntüləri bilməlidir ki, əgər Ulu Öndər gəlib, Azərbaycanı xilas etməsəydi, yəqin hər biri, bax elə o dar ağaclarından asılardı. İndi isə Əli Kərimli kimi boşboğazlar tarixi faktları təhrif etməyə çalışırlar".
Ə.Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev əgər Azərbaycan xalqının xilaskarı olub, onu xilas etməsəydi, atəşkəs müqaviləsi imzalanmazdı, torpaqlarımızı itirməkdə davam edə bilərdik. "Əsrin müqaviləsi" baş tutmazdı və Azərbaycan özünün siyasi və iqtisadi azadlığını təmin etməzdi. Ali qanun kitabımız olan konstitutsiya qəbul olunmazdı, Milli Məclisə və digər seçkili orqanlara azad seçkilər keçirilməzdi. Güclü ordu quruculuğu işi aparılmazdı, Horadiz və işğal altındakı bəzi torpaqlarımız azad olunmazdı. Azərbaycan xarici dövlət və təşkilatlar arasında ciddi hörmətə malik olmazdı. Azərbaycanın haqq işi bu qədər bütün dövlətlər tərəfindən qəbul olunmazdı.
Heydər Əliyev dühasının xalqı üçün ən böyük mirası və töhfəsi, ömrün vəfa etmədiyi, görüləcək işlərin davam etdirilməsi üçün özündən sonra layiqli namizədin yetişdirilməsi olmuşdur. Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyev siyasi irsinin ən layiqli davamçısıdır. Azərbaycan xalqının nicatıdır. Bütün xalq Onun ideaları ətrafında sıx birləşmişdir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...