İndi Azərbaycanın mövcud vəziyyətlə barışmaq və müharibəyə başlamaq kimi iki yolu qalır. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu iyunun 12-də jurnalistlərlə görüşdə Kiro Manoyan deyib.

Məlumata əsasən, Manoyan vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanın iqtisadi cəhətdən sarsıldığını düşünürsə də ermənilər dörd qonşudan ikisi ilə əlaqəsi olmadan mövcud olmağa alışıb və vəziyyətdən çıxış yollarından biri Azərbaycanın mövcud vəziyyətlə barışmasıdır.
Təbii ki, Azərbaycanın mövcud vəziyyətlə barışacağına, Dağlıq Qarabağın bundan sonra da erməni işğalında qalmasına razılaşacağına zərrə qədər ümidi olmayan Manoyan öz ölkəsinə müharibəyə hazır olmağı tövsiyə edib.
"Çaxnaşmaya ehtiyac yoxdur, amma müharibəyə hazır olmaq lazımdır. Müharibə ehtimalı var və bu həqiqətən də bir reallıqdır”,-deyə K.Manoyan bildirib.
Qeyd edək ki, Manoyan müharibənin başlanmasını heç də təsadüfi hesab etmir və hərbi təlimlərin keçirilməsinin buna əsas olduğunu da vurğulayır. Görünür, Azərbaycanın keçirdiyi hərbi təlimlər, ələlxüsus hərbi hazırlığı, hərbi qüdrəti ermənilərdə müharibə qorxusunu daha da artırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə