İlqar Orucov: “Müxalifət hər şeyi qara rəngdə təqdim etmək tapşırığı alıb” RƏY-ÖZƏL

“Təəssüf ki, yaradılan imkanlardan sui-istifadə edən bir qrup başıpozuq davamlı şəkildə dövlətə, onun ali rəhbərliyinə, milli atributlarımıza qarşı iyrənc kompaniyalarını davam etdirməkdədirlər”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri fəlsəfə doktoru, İlqar Orucov deyib. Onun sözlərinə görə, müəyyən xarici güclərin və daxildəki radikal siyasi qrupların, xüsusilə “Milli Şura”, AXCP və Müsavat kimi heç bir siyasi etika gözləməyən qüvvələrin Azərbaycan hakimiyyətinə, bəzən bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması onu göstərir ki, bütün bu kimi kompaniyalar eyni mərkəzdən idarə olunur: “Maraqlıdır ki, müxalifət bütün dəyərləri heçə alaraq hədəf kimi sanki hər şeyi qara rəngdə təqdim etmək tapşırığı alıblar. Bu üfunəti hiss etmək üçün onların sosial şəbəkələrdə idarə etdikləri səhifələrə nəzər salmaq kifayət edir. Deməli, siyasi səhnədə uğursuzluqlarını həzm edə bilməyən bu qüvvələr xaricdəki milli xainlərlə eyni mərkəzdən təlimat və tapşırıq alırlar. Xalqın etimadını qazana bilməməyin acığını bu üsulla çıxmağa çalışırlar. Azərbaycana heç bir aidiyyatı olmayan şəkillər paylaşaraq guya hadisələrin ölkəmizdə baş verdiyini iddia etmək hansı siyasi etikaya uyğundur? Türkiyə mətbuatında mənbəyi bəlli bir materialın, konkret şəhid atasının şəklini azərbaycanlı şəhid atası adı ilə vermək nə məqsəd daşıyır? Montaj edərək bunu cəmiyyətə təqdim etmək hansı çirkin məqsədə xidmət edir? Hər bir vətəndaşımız üçün şəhid adı, şəhid atası, şəhid valideyni müqəddəsdir. Azərbaycanın siyasi rəhbərliyinin də şəhid adına münasibəti hamımıza bəllidir. O zaman hansısa bir ölkədəki şəkli montaj edərək guya bizim ölkəmizdə şəhid atasının şəkli kimi təqdim etmək və həm də hörmətsiz formada təqdim etmək təkcə hakimiyyətə qarşı deyil, müqəddəs şəhid adına, dövlətimizə, xalqımıza qarşı təhqirdir. Sual olunur: siyasi mübarizə aparmaq iddiasında olan adamlar nəyə görə söyüş, təhqir kimi xalqımızın milli dəyərləri ilə bir araya sığmayan bir üsuldan istifadə etsinlər? Nədən milli atributlarımız, milli heysiyyata toxunan məqamlar təhqirin hədəfi olmalıdır? Çünki, bu qüvvələri idarə edən mərkəzlər xalqımızın psixologiyasını yaxşı bələddirlər və söyüşün, təhqirin hər bir azərbaycanlıda yaratdığı effekti yaxşı bilirlər. Tutaq ki, rus cəmiyyəti üçün söyüş adı məişət ifadəsi, leksikonda formalaşmış və cəmiyyətdə normal qəbul edilən ünsiyyətin tərkib hissəsidirsə, Azərbaycan cəmiyyətində birmənalı olaraq qəbul edilməyən, ayıb bilinən, milli dəyərlərlə uyğun gəlməyən hərəkətdir. Ona görə də, yeni informasiya selinin dağıdıcı təsiri ilə Azərbaycanın siyasi həyatına müdaxilə etmək, sosial baza yaratmaq və nəticədə uğur qazanmaq mümkünsüzdür. Azərbaycan cəmiyyəti xeyli dərəcədə müdrik, savadlı və eyni zamanda, milli köklərə bağlı, formalaşmış və genetik kodlarla artıq qanımıza hopmuş milli dəyərlərə hörmət edən bir toplumdur. Heç bir zaman bizim cəmiyyətimiz söyüş söyəni, təhqir edəni qəhrəman kimi qəbul etməyib və etməyəcək də. Xalqımızın qan yaddaşında qəhrəmanlığı xarakterizə edən formalaşmış bir etalon, bir sistem mövcuddur və o sistemin heç bir elementində söyüş, təhqir yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...