Heydər Əliyevin xilaskarlıq missiyası: QURTULUŞDAN İNTİBAHA DOĞRU

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 1993-cü il iyunun 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidi və tələbi ilə Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etməsi çoxəsrlik tariximizə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Böyük tarixi missiya həyata keçirən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşdü.

Qurtuluş xalqımızın Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Çünki, xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sönsuz, təmənnasız, əzəmətli sevgisi Onun tarixi missiyasının həyata keçirilməsinin üç güclü faktoru qismində çıxış edir.

Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

1993-cü ilin ortalarına doğru isə hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Həmin dövrdə AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəmiz üçün ciddi problemlər və risklər yaratmışdı. Belə ki, 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Buna səbəb isə küçədən dövlət kürsüsünə əyləşənlərin idarçilik qabiliyyətlərinin olmaması idi. Məsələn, parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi.

Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurmuş. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüş, buna görə heç bir məsuliyyət daşımamışdır. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş – iyunun 4-də, Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi.

Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.

Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idilər.

Həmçinin, xarici işlər naziri Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi idi və belə mühüm vəzifəyə təyin edilmişdi.Yeni müstəqil ölkənin diplomatik korpusu da özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırmışdırmışdı.

Digər tərəfdən, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni “bəylər” tətəfindən məşuqələrinə ərməğan edilmişdi.
Bütün bunlarla yanaşı hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə gedirdi. Məhz, belə daxili didişmələr eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər.

Bu baxımdan, bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlanmışdı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi.

Sonradan özlərinin də etiraf etdiyi kimi Ə.Elçibəyin reytinqinin ən yaxşı vaxtında ona etimad göstəricisi 33 faizi ötməmişdi. Beləliklə, bir AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Məhz, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. İyun hadisələri zamanı isə hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Heydər Əliyev Bakıya qayıtmışdı.
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Həmçinin, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olmuşdu. Məhz, bu səbəbdən də 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdi. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti var. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdi: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Bəhruz Quliyev,
"SƏS" qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə