Milli Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub TƏDBİR -YENİLƏNİB-SƏS TV

Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə Kitabxananın direktoru Kərim Tahirov açaraq deyib ki,1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlib, ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Professor qeyd edib ki, Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olmuşdu.

Direktor Kərim Tahirov Ulu öndərin dünyada layiqli hörmət və böyük nüfuz qazandığını, onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etməsini söyləyib. Onu da qeyd edib ki, məhz dahi liderin uğurlu siyasəti nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: “Azərbaycan özünün əsl müstəqilliyini ulu öndər Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkəni, xalqını ölkədə olan xaos və anarxiyadan, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.1994-cü ildə Azərbaycan atəşgaha nail oldu, Kosntitusiyaya, bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edildi, məhkəmə hüquq islahatları qəbul edildi. Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində ağıllı, mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və nəhəng dövlət quruculuğu işlərinə başladı, qarşıya çıxan bütün sərhədləri yardı və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda Azərbaycan da nail oldu, Azərbaycanı dünyaya tanıtdı, Azərbaycanın adı beynəlxalq kürsülərdən gəldi, Azərbaycan öz sərvətlərinin sahibi oldu, Azərbaycan tam mənada müstəqil oldu”.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclikdən, Gəncə hadisələrindən, ölkəni parçalamaq istəyən şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyətindən, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olmasından, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlardan və ərazilərimizin işğalından, transformasiya proseslərinin çətinliklərindən danışaraq ölkənin necə çətin vəziyyətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ş.Hacıyev belə mürəkkəb vəziyyətdə xalqın öz xilaskarına üz tutmasının, respublikanın 91 ziyalısının Heydər Əliyevə müraciətinin, Azərbaycan xalqının təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib.

Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan millət vəkili qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə “Milli Qurtuluş Günü”ndən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni Liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub: "Məhz İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir”.

Milli Məclisin deputatın Aydın Mirzəzadə deyib ki, 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və həmin gün əziz bayramdır: “Çünki 15 iyun olmasaydı nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Azərbaycanın milli qurtuluşdan başlanan inkişaf və tərəqqisi bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün Azərbaycan vətəndaşları müstəqil Azərbaycanın daha da inkişafı və güclənməsi naminə dövlət başçısının ətrafında sıx birləşiblər. Biz güclü Azərbaycan dövlətində yaşadığımıza görə özümüzü xoşbəxt sayırıq”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib. Qeyd edib ki, böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub: “İnkişaf etmiş, zəngin Azərbaycan və vətəndaşlarının firavan həyatının təmin edilməsi 15 İyun-Milli Qurtuluş Günü ilə bağlıdır. Buna görə də Azərbaycan vətəndaşı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir”.

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev diqqətə çatdırıb ki, Milli Qurtuluş Günü müstəqil Azərbaycanın taleyində ən əziz günlərdən biridir: “O dövrü xarakterizə edərkən Qurtuluş Gününə qədərki dövr və ondan sonrakı dönəmi müqayisə etsək, bu bayramın məzmununu və nə qədər əziz olduğunu görmüş olarıq: “15 iyun ərəfəsində AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı, səriştəsizliyi Azərbaycanı müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin ərəfədə Sürət Hüseynov ciddi cəhdlə çevrilişə hazırlaşırdı. Faktiki olaraq Azərbaycan bir neçə yerə bölünə bilərdi. Cənubda Talış-Muğan, şimalda başqa bir qrup mərkəzdənqaçma meylləri ilə hərəkət eməyə başlamışdı. Azərbaycanın "de-yure" müstəqilliyi əldə edilsə də, "de-fakto" dağılmaq ərəfəsində idi.

Sözsüz ki, bu tarixi yenidən analiz edəndə görürük ki, Qurtuluş bayramı müstəqil Azərbaycanı yenidən bərpasıdır. İkinci dəfə müstəqillik tarixinin başlandığı gündür. Məhz həmin dövrdə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət olunması Azərbaycana ikinci müstəqillik dövrünü bəxş etdi. Güclü dövlətin yaranmasına zəmin yaratdı. Ulu Öndərimiz müstəqil Azərbaycanın hüquqi dövlət kimi bərkiməsinə, formalaşmasına, vətəndaş cəmiyyətinin qurulmasına stimul verdi”.

Sonda YAP Səbail rayon təşkilatı tərəfindən Azərbaycan Milli Kitabxanasının üzvlərinə Partiyanın üzvülük vəsiqələri təqdim olundu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə